Ləki stansiyası - Qəbələ birxətli dəmir yolunun tikintisi davam edir AÇIQLAMA - EKSKLÜZİV FOTOLAR

"Ləki stansiyası - Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildən start verilib və tikinti-quraşdırma işlərinin 70 faizi demək olar ki, tamamlanıb. Dəmir yolunun ümumi uzunluğu xətti ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.49 km-dir". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova deyib.

Şöbə rəisi bildirib ki, Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu xəttinin çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m) keçir və ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98 faizi, yəni, 23.24 km dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri tamamlanıb.

Onun sözlərinə görə, layihə üzrə 122 ədəd suni mühəndisi qurğusu var və bunlardan 6 ədəd avtomobil alt keçidinin, 2 ədəd heyvan keçidinin və 103 ədəd suötürücü borunun inşası tamamlanmışdır:

"Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi işləri davam etdirilir. Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi tamamlanıb. Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri davam etməkdədir. Həmçinin, Hacıalı yarımstansiyasının təmiri işləri davam etdirilir".

Natavan Bayramova qeyd edib ki, yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədi ilə layihədə 13300 paqon metr beton qanov nəzərdə tutulub və 2200 paqon metr hissəsinin tikintisi tamamlanıb:

"Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə layihə üzrə uzunluqları 150 paqon metr və 127 paqon metr olan iki istinad divarı nəzərdə tutulmuşdur və 127 paqon metr olan istinad divarının tikintisi tamamlanmışdır. 10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir".

Qeyd edək ki, sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün gələcəkdə dəmir yolunun təhkim zolağı boyunca 84600 paqon metr metal hasarın çəkilməsi nəzərdə tutulub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə