Koronavirusla mübarizədə vətəndaş məsuliyyəti əsas şərtləndirici amillərdəndir - TƏHLİL

Bu gün bütün dünya koronavirus (COVİD-19) pandemiyasının təhdidi altındadır. Bütün ölkələr pandemiya ilə mübarizəyə səfərbər olunub. Belə bir şəraitdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbir həyata keçirildi və bu davamlıdır. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.

Koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrinin tədbir görməkdə gecikdiyi bir vaxtda dövlət başçısı tərəfindən görülən qabaqlayıcı tədbirlər ölkəmizin bu sınaqdan minimum itki ilə çaxmağına zəmin yaratdı. Azərbaycan modeli hər zaman olduğu kimi çətin bir zamanda da öyrənilir. Görülən tədbirlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyətinin, müdrik siyasətinin nəticəsidir.

ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI İSTİQAMƏTİNDƏ KONKRET VƏ ARDICIL TƏDBİRLƏR GÖRÜLÜR

Ölkəmizdə əhalinin sağlamlığının qorunması Azərbaycan Prezidenti İlham Əliyevin ciddi nəzarəti altındadır. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir.

İCTİMAİ NƏZARƏT VƏ İCTİMAİ QINAQ VACİB ŞƏRTDİR

Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməli, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır.

VƏTƏNDAŞLARIMIZ MAKSİMUM MƏSULİYYƏTLİ OLMALI VƏ DÖVLƏT TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏRƏ HƏRTƏRƏFLİ DƏSTƏK GÖSTƏRMƏLİDİRLƏR

Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzasi da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.

Hazırkı vəziyyət nəzərə alınaraq qarşıdan gələn dövrdə koronavirusdan qorunmanın vacibliyini əsas mövzu olmalı, bu sahədə maarifləndirmə gücləndirilməlidir. Maarifləndirmə ilə yanaşı, həm də təhlükənin real olması, məsələyə laqeyd və məsuliyyətsiz yanaşmanın həm şəxsi həyatı, həm də ətrafdakıların sağlamlığını ciddi risk altına qoyması ilə bağlı mütəmadi materiallar hazırlanmalıdır. Koronavirusa yoluxaraq müalicə olunmuş şəxslərdən müsahibələr götürərək bu xəstəliyin hansı acınacaqlı fəsadlar törətdiyi, insana dözülməz əziyyət verdiyi göstərilməlidir. Xəstəxanalarda həkimlərin vəziyyəti, onların olduqca mürəkkəb şəraitdə fəaliyyəti göstərməsi, həyatlarını təhülükə altına atması insanlara çatdırılmalıdır. Bu məsələ ilə bağlı xarici nümunələr, xəstələrin və həkimlərin açıqlamaları da nümayiş etdirilə bilər.

Bəzi insanların xəstəliyin mövcudluğu ilə bağlı inamsızlıq nümayiş etdirdiyi nəzərə alınaraq, real insanların öz qohumları, qonşularının virusa yoluxduğu, ailəlikcə xəstəxanaya götürüldüyü barədə də süjetlər təqdim oluna bilər. Bununla yanaşı, maska və digər qoruyucu vasitələrin istifadə, sosial distansiaya riayət olunması ilə bağlı vəziyyət daim nəzarətdə saxlanmalı, insanların gur toplaşması, qaydalara riayət etməməsi halları göstərilməli və tənqid olunmalıdır.

Qoruyucu vasitələrdən istifadə olunmaması və karantin rejimi qaydalarının pozulmasına görə cərimələrin tətbiq olunması halları da nümayiş etdirilə bilər.

Qaydalara əməl olunmadığı, sanitar-epidemioloji vəziyyət kəskinləşəcəyi halda karantin rejimi qaydalarının yenidən sərtləşə biləcəyi müxtəlif materiallarla çardırıla bilər.

Onu da vurğulmamaq yerinə düşər ki, koronavirusla bağlı məlumatlardan təşvişə düşmək deyil, bu təhlükənin yayılmasına, dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməlidir. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontakda olmaq və digər qaydalara ciddi əməl etmək tələb olunur. Vətəndaşlarımız maksimum məsuliyyətli olmalı və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...