2 iyun Azərbaycanda Mülki Aviasiya işçilərinin peşə bayramıdır

Bu gün Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı qeyd olunur. Məhz 1938-ci il iyunun 2-də respublikada mülki aviasiyanın təməlini qoyan ilk aviasiya qrupu yaradılmışdı. Ölkəmizdə bütün sahələrdə olduğu kimi Mülki Aviasiya sahəsindən də sürətli inkişaf yan ötməyib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının son 17 il ərzində mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğısının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb.

“HAVA LİMANI AZƏRBAYCANIN QAPISIDIR”

Bəllidir ki, Azərbaycana gələn əcnəbi üçün ölkəmizə səyahət bu qapıdan - hava qapısı adlandırılan məkandan başlayır. Ulu Öndər Heydər Əliyev dediyi kimi: "Hava limanı Azərbaycanın qapısıdır. Onu gərək elə göstərək ki, Azərbaycana layiq olsun". Azərbaycana səfər etmiş minlərlə əcnəbi şəhərimizin seyrəngahlığını, möhtəşəmliyini, gözəlliyini, dünya standartlarına cavab verən tələblər çərçivəsində inşa edilən Heydər Əliyev Beynəlxalq Aeroportunu görüblər. Heydər Əliyev Beynəlxalq Aeroportu coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanıdır.

Ölkə Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarilə yeni bir mərhələsinə qədəm qoyub. Milli aviasiyanın inkişafı, infrastrukturunun təkmilləşdirilməsi və aviaparkın yeniləşməsində Prezident İlham Əliyevin qayğı və diqqəti də olduqca böyük əhəmiyyətə malikdir.

Bir əsrdən artıq tarixi yol

Mülki aviasiyamızın təməli yaxın keçmişimizlə bağlı deyil. Bir əsrdən artıq tarixi mərhələ var bu yolda. Belə tarixi olan Azərbaycan aviasiyası dünəndən bu günə qədər keçdiyi yolda mərhələ-mərhələ inkişaf edib. Mənbələrdən bəllidir ki, Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakının səmasında baş tutub. Bu, rus aviatoru Utoçkinin "Farman" tipli aeroplanla Balaxanı "şossesində" 4 gün ardıcıl olaraq həyata keçirdiyi uçuş olub. Azərbaycan aviasiyasının tarixi həmin zamandan yazılıb. Maraq doğuran hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artmağa başlayıb və qısa zamanda Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş 1919-cu ildə həyata keçirilib. Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olub. 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradılıb. Mülki aviasiya ilə bağlı bu xronoloji ardıcıllıq aviasiyanın keçdiyi yolun tarixinə həkk olub.

Qeyd edək ki, ötən əsrin əvvəllərində təməli qoyulan mülki aviasiyamızın tarixini əks etdirən materialları araşdırarkən Böyük Vətən müharibəsi illərində bu sahədə əldə edilən nailiyyətlər də diqqət çəkir. Belə ki, ön cəbhədə, arxa cəbhədə azərbaycanlı hərbi təyyarəçilərimiz, aviatorlarımız, hərbi və mülki aviasiya sənayesində çalışan mütəxəssislərimizin rolu danılmazdır. Müharibə illərində Bakının Keşlə qəsəbəsində iki aviazavod fəaliyyət göstərirdi ki, fasiləsiz işləyən bu müəssisələrdə "UTİ-4" və "YAK-3" tipli təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal olunurdu.

Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr ötən əsrin yetmişinci-səksəninci illərinə təsadüf edir. Respublikanın 11 rayonunda yeni hava limanlarının tikilməsi və ya yenidən qurulması fikrimizi əsaslandırır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Naxçıvanda, Beyləqanda, Zaqatalada "Yak-40" reaktiv təyyarələri üçün süni örtüklü qalxma-enmə zolaqları salındı. Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edildi. 1971-ci ildə Gəncə Avia müəssisəsi fəaliyyətə başladı. Bütün bunlarla yanaşı, Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikildi. Daha sonra 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf tempini nəzərdə tutan proqram hazırlandı.

Aviasiyamiz müstəqillik illərində

Ümummilli Lider Heydər Əliyev sovet dövründə milli aviasiyanın inkişafında istədiklərini tam həyata keçirə bilməsə də, müstəqillik dövründə bu sahədə olan arzularını gerçəkləşdirə bildi. Məlumdur ki, sovet hakimiyyəti dağıldıqdan sonra hərbi əmlakın və texnikanın əksər hissəsi ölkədən çıxarıldı, Azərbaycanda yerləşən silahlı qüvvələr isə birbaşa Rusiyanın tabeliyinə keçdi. Azərbaycan aviasiyası ağır vəziyyətə düşmüşdü. Bütün əlaqələr pozulmuşdu. Belə bir zamanda Onun uzaqgörən siyasəti nəticəsində aviasiya sahəsində böyük layihələrin həyata keçirilməsinə start verildi. 1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, milli aviasiya sahəsində də kəskin dönüşə səbəb oldu. Görülən tədbirlər nəticəsində xarici aviaşirkətlərlə müqavilələr bağlandı. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Ulu Öndərin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb, uğurla həyata keçirildi. Bu proqram çərçivəsində 1999-cu il oktyabrın 2-də Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksi tikildi.

Müstəqillik illərində yaradılan "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Milli Aviasiya Akademiyası kadrların hazırlanmasında böyük rol oynadı. "Milli Aviasiya Mərkəzi" adı ilə yaradılan akademiya 1994-cü ildən Milli Aviasiya Akademiyasına çevrildi. Milli kadrların hazırlanmasına xüsusi diqqət ayıran Heydər Əliyev "Mən xoşbəxtəm ki, artıq indi Azərbaycanın mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır", - deyirdi. Akademiyaya 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil oldu. Bu gün akademiya Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə hüquq verən sertifikatına layiq görülüb.

"Azərbaycan hava yollarinin" ən vacib vəzifəsi uçuşlarin təhlükəsizliyinin təminatidir"

İnkişaf səviyyəsi, maşın parkı və xidmət mədəniyyəti ilə seçilən milli aviadaşıyıcımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri Azərbaycandan çox-çox uzaq yollara dünyanın müxtəlif şəhərlərinə uçur. Nəhəng aviaşirkətə çevrilən AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən birinə çevrilib. Mütəxəssislərin qənaətinə görə, dünyanın müxtəlif nöqtələrinə sərnişin daşımaları həyata keçirən güclü milli aviaşirkətin mövcudluğu ölkənin yalnız nüfuzu hesab olunmur. Bu, eyni zamanda dövlətin iqtisadi, mədəni, humanitar siyasətinin möhkəmlənməsinə müsbət təsir göstərir. Çoxşaxəli marşrutların mövcudluğu Azərbaycanın iqtisadi potensialını və turizm imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

"Azərbaycan Hava Yolları" aviaşirkəti İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. "Azərbaycan Hava Yolları" aviaşirkətinin tətbiq etdiyi təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Ümummilli Lider vurğulayırdı ki, "Azərbaycan Hava Yolları"nın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təminatıdır. Şirkət fəaliyyəti dövründə buna nail oldu. Təəccüblü deyildir ki, iri və dünyada ən çox hörmət olunan "İCAO" beynəlxalq mülki aviasiya təşkilatının təqdim etdiyi audit nəticələri "Azərbaycan Hava Yolları" aviaşirkətinin Azərbaycandakı uçuşlarının təhlükəsizliyinin yüksək səviyyədə olmasını sübut edib. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Paytaxt və regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirilib, müasir xidmət infrastrukturu yaradılıb. "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verilib. "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açılıb.

Mülki aviasiya sahəsindəki uğurlar bizə deməyə əsas verir ki, ölkəmizin coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Cənab İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait yaradıb. Milli aviasiyamızın sürətli inkişafı, yeni-yeni nailiyyətlərin əldə olunacağına əminlik yaradır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...