İnsanların sağlamlığının qoruması üçün sərt tədbirlər həyata keçirilməlidir - ŞƏRH ÖZƏL

“Pandemiya ilə əlaqədar olaraq Azərbaycanda uzun müddətdir ki, karantin rejimi tətbiq olunur. 2 ay müddətində insanlar karantin rejimi dövründə necə davranmalı olduqları barədə kifayət qədər məlumatlandılar. Yəni o 2 ay müddətdə tətbiq edilən karantin rejimi kifayət edirdi ki, insanlar bu xəstəlikdən necə müdafiə olunmaq qaydaları barədə təlimatları götürsünlər. Əvvəlcə insanları dövlət məcburi qaydada bu vərdişləri qazanmağa məcbur etdilər. Amma bu gündən sonra insanlar qazandıqları vərdişləri öz həyatlarında tətbiq etməlidirlər ki, həm həyatı davam etdirsinlər, həm də virusdan özlərini qorusunlar”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, insanlar karantin rejiminin yumşaldılmasını pandemiyanın bitməsi kimi qəbul etdilər: “Hansı ki, pandemiya hələ də davam edir. Virusun yayılması hazırda davam edir. İnsanları mütəmadi olaraq sərt rejimdə saxlamaq olmaz. Tətbiq edilən qaydalarda yumşaldılmalar olmalıdır ki, insanlar qazandıqları vərdişləri özləri tətbiq edə bilsinlər. Düşünülənin əksinə əhali bütün bunlardan nəticə çıxarmadı. Karantin rejimi yumşaldılan kimi sərbəst formada davranmağa başladılar və bunun da ağır nəticələrini biz müşahidə edirik”.

M.Ələsgərli vurğulayıb ki, məsələnin ikinci tərəfi odur ki, Azərbaycan dövləti də çox humanist davrandı: “Çünki dünyanın hər yerində karantin rejimi dövründə karantin qaydalarını pozduğuna, o cümlədən tibbi maskalardan istifadə etmədiklərinə və sosial məsafəni gözləmədiklərinə görə, çox ağır cərimələr tətbiq olunurdu. Dünyanın müxtəlif ölkələrində tibbi maskalardan istifadə etmədiyinə görə, cərimələr 15 avrodan 5 min avroya qədər dəyişirdi. Amma Azərbaycanda bu məsələlərə baxdıqda isə görərik ki, maska taxılmadığına, sosial məsafəni gözləmədiyinə görə xüsusi cərimə tətbiq olunmadı. Dövlət məsələyə daha humanist yanaşdı ki, insanlar bundan nəticə çıxarsınlar, amma təəssüf ki, nəticə gözlənilən kimi olmadı. Ona görə də görünür məcburi qaydada cərimələr tətbiq etməklə, digər inzibati tədbirlər görməklə maskaların taxılmasını vərdiş halına gətirmək lazımdır. Əks təqdirdə pandemiyanın təsirləri daha ciddi ola bilər. İnsanların sağlamlığının qoruması üçün inzibati sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...