"İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq" - ŞƏRH

Bu gün müasir dünyada dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, pandemiyanın qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə sosial-iqtisadi inkişafa hesablanan layihələr uğurla həyata keçirilir. Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər davamlıdır. Məlumdur ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

"ƏGƏR İRADƏ VARSA, ƏGƏR SİYASƏT DÜZGÜN APARILIRSA VƏ ƏGƏR İNSANLARIN ÜRƏYİNDƏ ƏN ÜLVİ HİSSLƏR REALLIQDA ÖZ ƏKSİNİ TAPARSA, İSTƏNİLƏN TƏŞƏBBÜS, İSTƏNİLƏN GÖZƏL İDEYA HƏYATA KEÇƏR"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə həssaslıqla yanaşaraq, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərir. Qeyd edək ki, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirədə Mehriban xanım Əliyeva çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. Bu günlərdə açılışı olan yeni inşa olunan "Qobu Park-3" yaşayış kompleksin görülən işlərin davamıdır. Qeyd edək ki, "Qobu Park-3" yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında iştrak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, "Qobu-1" və "Qobu-2" layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib: "Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər".

AZƏRBAYCAN DÖVLƏTİ HƏR ZAMAN VƏTƏNDAŞLARININ QAYĞISINA QALIR, ONLARIN PROBLEMLƏRİNİN HƏLLİ DÖVLƏT SİYASƏTİNİN MÜHÜM İSTİQAMƏTİNİ TƏŞKİL EDİR

Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün də dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. "Məcburi köçkünlərin sosial təminatı yaxşılaşır. Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artmışdır" deyən Cənab Prezident bildirib ki, hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir: "Əlbəttə, indi dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır və bu ölkələrin sayı artır. Çünki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Çünki biz köçkünləri belə gözəl evlərlə təmin edirik. Evlərin həm quruluşu, həm daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan bu sahədə də qabaqcıl yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu biz edirik və edəcəyik".

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, bu binalar müvəqqəti yaşayış yeridir: "Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur".

Qaçqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsi olaraq tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə inamları daha da artıb. Doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər.

Təqdirəlayiq haldır ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər dövlətin təminatındadır, onların problemlərinin həlli isə dövlət rəhbərliyinin gündəlik diqqət mərkəzindədir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. "Qobu Park-3" kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək və burada 960 şagirdlik məktəb fəaliyyət göstərəcəkdir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır

şəhərcikləri ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Heç bir şübhə yoxdur ki, görülən işlər, davamlı səylər nəticəsində, ölkəmizin ərazi bütövlüyü yaxın zamanda bərpa ediləcək. İşğaldan azad olunacaq ərazilərdə Azərbaycan dövlətinin imkanları hesabına həyat tamamilə yenidən qurulacaq, məcburi köçkün olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq, doğma torpaqlarında yaşayacaqlar. Bu zaman onlar yenə dövlətin xüsusi qayğısı ilə əhatə ediləcək və bütün sosial problemləri öz həllini tapacaq. Buna hər kəs inanır və Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə