"Söhbət qiyməti ən çox 30 qəpik olan maskanın taxılmasından gedir" ÖZƏL - MÜNASİBƏT

"İş burasındadır ki, pandemiyaya qalib gəlmək üçün təkcə dövlətin səy göstərməsi azdır. Burada cəmiyyətin, mən deyərdim ki, hər bir şəxsin məsuliyyəti və gigiyenik qaydalara riayət etməsi olduqca vacibdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan deputatı Aydın Mirzəzadə Parlamentdə COVID-19-la əlaqədar aparılan müzakirələr və edilən təkliflər haqqında danışarkən deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası məsələsi Milli Məclisin iclaslarında daima müzakirə edilir: "Deputat həmkarlarım bu məsələ ilə bağlı dövlətin gördüyü işləri qiymətləndirir və təkliflərini verirlər. Eyni zamanda buna qarşı mübarizədə müstəsna üsullardan danışır, o cümlədən, məsuliyyət məsələlərini də diqqətə çəkirlər. Son müzakirəmiz İnzibati Xətalar Məcəlləsinə pandemiya dövründə tibbi maskadan ictimai yerlərdə istifadə etməməyə görə cərimə məsələsi idi. Edilən təklifi deputatların mütləq şəkildə əksəriyyəti dəstəklədilər. Yəni, bu bir daha tibbi maskadan istifadəyə dövlətin nə qədər diqqət etdiyini göstərir. İş burasındadır ki, pandemiyaya qalib gəlmək üçün təkcə dövlətin səy göstərməsi azdır. Burada cəmiyyətin, mən deyərdim ki, hər bir şəxsin məsuliyyəti və gigiyenik qaydalara riayət etməsi olduqca vacibdir. Bu xəstəlik bir şəxsin müəyyən auditoriyada olması ilə həmin auditoriyanı tamamilə yoluxdurması ilə nəticələnir. Bir daşıyıcı gün ərzində 700 nəfərin yoluxmasına səbəb olur. Lakin, tibbi maskadan istifadə ilə yalnız xəstə adamın müalicə edilməsinə gətirib çıxarır. Sağlam insanlar isə virusa məruz qalmır".

Millət vəkili təəssüflə bildirib ki, bu gün xəstələrin sayında dinamika aşağı düşmür və artıq bu rəqəm 257 rekord həddinə gəlib çatıb: "Əgər belə davam edərsə qısa bir zamanda bəzi Avropa ölkələrinin pandemiya qarşısında qaldığı ağır vəziyyətə düşə bilərik. Deputat həmkarlarım tibbi maska taxmamağa görə cərimə məsələsini dəstəklədilər. Burada sadəcə olaraq hər bir kəsə əhali arasına çıxarkən qiyməti ən çox 30 qəpik olan bir maskanın taxılmasından söhbət gedir. Əgər kimsə cərimə olunmaq istəmirsə sadəcə olaraq tibbi maskadan istifadə edilməlidir. Qəbul edilən qərar düzgündür. Mən hər bir vətəndaşımızı buna riayət etməyə çağırıram".

Qeyd edək ki, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələbələrin pozulmasına görə cərimələr müəyyənləşib. Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə