Şəkidəki ayı ram edildi, Mərkəzə göndərilir

13:07

"Artıq Bakıdan ezam olunan mütəxəssis heyəti Şəkidədir". SİA-nın verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb.

İ.İbrahimova əlavə edib ki, mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub və preparatın tam təsir göstərməsi gözlənilir: "Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək".

Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

13:33

Bu dəqiqələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadan əldə etdiyimiz məlumata görə, artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib.

O qeyd edib ki, öncə bizə bu işdə yardımçı olan, dəstək verən, təmkinlilik və dözümlülük göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə