Türkiyədəki azərbaycanlı gənclərin onlayn forumu keçirilib FOTOLAR

Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Türkiyənin müxtəlif vilayətlərindən tələbə birliklərin rəhbərlərinin və tələbələrin, ziyalıların, dövlət qurumları təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ilk dəfə Türkiyədəki azərbaycanlı gənclərin videoformatda forumu keçirilib. SİA xəbər verir ki, Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov, ölkəmizin Qarsdakı Baş konsulu Nuru Quliyev, Azərbaycan Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Türkiyənin YTB qurumunun sədr müavini Sayit Yusuf, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli və digər nüfuzlu şəxslər forumda iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himni səsləndirilib, sonra cümhuriyyətimizin qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rəsmi çıxışlardan sonra AGAH sədri Təbriz Raufoğlu təxminən beş saat nəzərdə tutulan forumun məram və məqsədləri ilə bağlı ümumi məlumat verib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev 28 May-Respublika Günü münasibətilə gəncləri təbrik edərək onları Azərbaycan dövlətinin maraqları çərçivəsində daha da həmrəy olmağa dəvət edib.

YTB-nin sədrinin müavini Sait Yusuf çıxışında qeyd edib ki, təmsil etdiyi təşkilat hər zaman Türkiyədə təhsil alan azərbaycanlı tələbə-gənclərin yanında olub.

Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında iki ölkə əlaqələrinin inkişafında gənclərin rolundan bəhs edib və bəyan edib ki, Türkiyədəki azərbaycanlı gənclərin hər tərəfli əlaqələnməsi üçün əlindən gələn bütün dəstəyi verməyə hazırdır.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ifadə edib ki, gələcəkdə də gənclərin bütün təklif və təşəbbüslərinə dəstək verməkdə qərarlıqdır.

Baş konsul Nuru Quliyev də tələbə-gənclərə bayram təbriklərini çatdıraraq gənclər arasında vahid koordinasiyaya mərkəzinə ehtiyac olduğunu ifadə edərək bildirib ki, bu təşəbbüsün həyata keçməsi üçün konsulluğun dairəsinə daxil olan vilayətlər üzrə hər cür dəstək verə bilər.

Azərbaycan Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev tələbə-gənclərə verilən çoxistiqamətli dəstəkdən bəhs edib.

Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli tələbə-gənclərin üçrəngli bayrağımızı həmişə uca tutmağa səsləyib.

Sonra forumun digər iştirakçılarının çıxışları olub. Gənclərin təhsil, həyat və karyerası ilə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə