"The Travel Magazine" Azərbaycanı səyahət üçün ideal ölkə hesab edir FOTO

"The Travel Magazine" Azərbaycanın səyahət etmək üçün ən ideal ölkələrdən biri olduğunu əks etdirən məqalə ilə çıxış edib. SİA xəbər verir ki, məqalədə turistlərin ölkəmizdə qazanacağı 5 təcrübədən bəhs edilib.

Burada qeyd edilib ki, pandemiyadan sonra sərhədlərin açılması və aviareyslərin bərpa olunması ilə səyahatə başlanan şəxslərə Azərbaycanın gözəl mədəniyyəti, mənzərələri və canlılığını seyr etmək məsləhət görülüb. Bildirilib ki, Azərbaycanda səyahət etməyi seçənləri "instagram"a layiqli xatirələr, anlar, fövqəladə istiqamətlər və qastronomiya macəraları, eyni zamanda Azərbaycanın isti qonaqpərvərliyi və unudulmaz təcrübələr gözləyir.

Yazıda, Azərbaycanın Avropa ilə Asiyanın qovuşduğu ərazidə yerləşdiyi, müasir memarlıq abidələri ilə yanaşı orta əsrlərə aid memarlıq abidələrinin YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edildiyi vurğulanıb.

Eyni zamanda, Azərbaycanda 11 fərqli iqlim zonasından 9-nun mövcud olduğu və buna görə də dağlardan tutmuş çəmənliklərə, meşələrdən tutmuş aran bölgələrə qədər inanılmaz bir mənzərənin olduğu bildirilib.

Yazıda bir neçə əsas istiqamət seçilib və bu istiqamətlər üzrə ayrı-ayrı geniş məlumatlar verilib. Məqalədə xüsusilə, Bakıda, İçərişəhərdə Qız Qalasının və Şirvanşahlar Sarayının əzəmətindən bəhs edilib. Onların hər ikisinin YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edildiyi qeyd edilib. Eyni zamanda Bakı şəhəri Beynəlxalq İncəsənət Festivallarının evi kimi səciyyələnib və burada mütəmadi olaraq şəhərin mistik fonunda yenilikçi sənətkarların əsərlərinin nümayiş etdirildiyi vurğulanıb.

Daha sonra Atəşgahın odlu məbədindən və Yanar Dağın heyranedici məzərəsindən bəhs edilib. Həmçinin, ölkənin şərab istehsalında da irəli getdiyi və 6 min illik şərab istehsalının qədimliyinə toxunulub. Eyni zamanda, coğrafi cəhətdən də ölkə ərazisinin üzüm yetişdirmək üçün ideal olduğu vurğulanıb. Turistlərə Azərbaycanda istehsal edilən zərif şərabdan dadmaq məsləhət görülüb.

Digər tərəfdən Bakıdan 60 km məsafədə yerləşən Qobustanın ibtidai insana məxsus petroqliflərinin heyranedici bir təcrübə yaratacağı qeyd edilib. Qobustan abidələrinin qədimliyinin vurğulanması ilə yanaşı dünyada bilinən 800 palçıq vulkanının təxminən 350-nin Azərbaycanda yerləşdiyi bildirilib.

Həmçinin, Şəki Xan Sarayının ecazkar sənətkarlığın bir nümunəsi olduğu qeyd edilib və heyranedici mənzərəsi ilə səciyyələndirilib. Həmçinin, Şəkinin qədim şəhərlərdən biri olduğu və Azərbaycanın füsunkar mənzərəyə malik yerlərindən biri kimi qiymətləndirilib. Qeyd edilən qədim memarlıq abidələri ilə yanaşı Bakı şəhərindəki Heydər Əliyev Mərkəzinin ecaskar abu-havasından da bəhs edilib. Görkəmli memar Zaha Hadid tərəfindən hazırlanan Heydər Əliyev Mərkəzinin Bakıda və onun hüdudlarından kənarda yeniliyin əlamətdar mərkəzinə çevrildiyi və paytaxtın ən populyar, həmçinin, dünyanın hər yerindən olan müasir incəsənət həvəskarları üçün ziyarət edilməli yer olduğunu qeyd edilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə