""Qobu Park" yaşayış kompleksi dövlətimizin iradəsini və qüdrətini nümayiş etdirir" - MÖVQE

“28 May – Respublika Günündə 1336 məcburi köçkün ailəsinin yerləşəcəyi “Qobu Park-3” yaşayış kompleksinin açılışının olması mühüm siyasi və sosial əhəmiyyətə malikdir. Çünki, belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, I Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa olunan məcburi köçkünlər üçün Qobu Park yaşayış kompleksi dövlətimizin iradəsini və qüdrətini nümayiş etdirir: “I Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa olunan “Qobu-1” və “Qobu-2” layihəsi artıq istifadəyə verilib və 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq. Ümumilikdəisə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək”.

“MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur” – deyən Sədaqət Vəliyeva əlavə edib ki,qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir və göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf edilir: “Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bütövlükdə bu günə qədər Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində Cənab İlham Əliyev söz vermişdiki, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq.Dörd il ərzində çadır şəhərçikləri ləğv edildi və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Ötən il isə məcburi köçkünlər üçün rekord sayda - 5 minə yaxın evlər, mənzillər tikildi. Bu il 7-8 minməcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin ediləcək”.

Sədaqət Vəliyeva vurğulayıb ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər:“Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər. Cocuq Mərcanlının uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurulması bu əminliyi insanlarda daha da möhkəmləndirib”.

Bütün xəbərlər Facebook səhifəmizdə