Ölkədə qaçqınların problemlərinin həlli uğurlu model şəklində həyata keçirilir - ŞƏRH ÖZƏL

"Azərbaycan dövləti özünün daxili siyasətinin ən mühüm istiqamətlərindən biri kimi məcburi köçkünlərin problemlərinin həll olunması, eləcə də əhalinin ən geniş təbəqəsinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini, davamlı bir siyasət kimi həyata keçirilməkdədir. Biz bunun bariz nümunəsini bu günlərdə Prezidentin Qobuda yeni qəsəbənin açılşı zamanı təqdimatını etdiyi sosial ifrastruktur obyektlərinin timsalında bir daha gördük". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xüsusilə də məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin siyasətinin müasir istiqamətlərindən biri kimi fasiləsiz olaraq həyata keçirilir: "Həm də Azərbaycanın və şəxsən Prezidentin məcburi köçkünlərin sosial rifahına yönəlmiş addımlar atması başqa ölkələrdə oxşar problemlərin həllinə yanaşmalarından köklü sürətdə fərqlidir. İlk əvvəl onu deyim ki, başqa ölkələrdə qaçqınlar və məcburi köçkünlərlə bağlı problemlər yaşasa da, onların həlli Azərbaycandakı qədər uğurlu model şəklində həyata keçirilmir. Azərbaycan dövləti bu problemlərin həllinə ötən illər ərzində 6-7 milyard manata yaxın pul sərf edib. Məhz buna görə də məcburi köçkünlər bu gün ölkədə özlərini sosial məşğulluq, sosial təminat baxımından heç də əhalinin digər təbəqələrindən ayrı hiss etmirlər və tam şəkildə əhatə olunublar. Bu Azərbaycan dövlətinin böyük uğurlarından biridir. Digər tərəfdən Azərbaycan dövləti və şəxsən Prezident məcburi köçkünlərlə bağlı müəyyən sosial addımları atarkən eyni zamanda onun da qayğısına qalır ki, məcburi köçkünlər torpaqlarımız işğaldan azad olunduqdan sonra özlərinin ata-baba yurdlarına mütləq qayıdışı unutmasınlar".

A.Quliyev bildirib ki, çox yaxşı bir haldır ki, bu gün Azərbaycanın 750-800 mindən artıq olan məcburi köçkün insanı torpaqlarımızın azad olunacağına inanır və torpaqlarımız azad olduqdan sonra öz ata-baba yurdlarına, ev-eşiklərinə qayıdacaqları günü intizarla gözləyirlər: "Artıq bərpa olunmuş iki qəsəbə- Şixax və Cocuqmərcanlı qəsəbələrinin tam şəkildə bərpa olunması və insanların həvəslə ora qayıdışı sübut etdi ki, cənab Prezidentin dediyi kimi Azərbaycanın torpaqlarının bütövlüyü və suverenliyi təmin olunacaq. Məcburi köçkünlər bütün şəkildə öz yurdlarına qayıdacaqlar. Qobuda açılan qəsəbə bir daha sübut etdi ki, Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarının əvvəlki görkəmdən də daha yaxşı vəziyyətə gətirilməsi gücündədir və bu iradəyə malikdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə