"Azad olunmuş ərazilərdə də "Qobu Park-3" tipli yaşayış kompleksləri salınacaq" ÖZƏL - MÜNASİBƏT

"2016-cı ilin Aprel Döyüşləri zamanı ərzində minlərlə kvadrat metr ərazilər Ermənistanın işğalından azad olunmuşdur və qısa müddət ərzində Cocuq Mərcanlıda gözəl bir qəsəbə salındı. İnsanlar öz dədə-baba yurdlarına qayıdaraq orada firəvan və tamamilə yeni qurulmuş, bütün infrostukturlarla təmin olunmuş Cocuq Mərcanlı qəsəbəsində yaşayırlar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov "Qobu Park-3" yaşayış kompleksinin açılışı ilə bağlı və ümumiyyətlə ölkədə qaçqın və məcburi köçkünlərin sosial rifahına yönəlmiş layihələri dəyərləndirərkən deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə gün əvvəl "Qobu Park-3" məcburi köçkün və qaçqınlar üçün tikilmiş sayca həmin ərazidə 3-cü yaşayış kompleksinin açılışında iştirak etmişdilər və bu yaşayış kompleksində 1336 ailə, ümumilikdə, bu 3 kompleksdə 3700-ə yaxın ailə, 20 minə yaxın insan məskunlaşacaq:

"Bu gün ölkəmizdə heç bir məcburi köçkün çadırda və ya vaqonlarda yaşamır. Bu günə qədər 300 minə yaxın məcburi köçkün üçün Bakı şəhəri ətrafında, eyni zamanda digər şəhər və rayonlarımızda həm çoxmənzilli binaların tikintisi həyata keçirilmiş, həm də fərdi evlərin tikintisi həyata keçirilərək məcburi köçünlərin və qaçqınlarn öhdəsinə verilmişdir. Ölkəmizdə bir milyondan artıq ermənilər tərəfindən məcburi köçkün və qaçqın həyatına məruz qalmış azərbaycanlıların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda onlara verilən müavinətlərin də də vaxtaşırı Prezident tərəfindən imzalanan sərəncamlarla artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu layihələrin icrasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük zəhməti var.

Ölkə Prezidenti İlham Əliyev nitqində bir məqamı da qeyd etdi ki, sahibkarlar və iş adamları da öz sosial məsuliyyətlərini dərk edərək belə humanitar tədbirlərdə yaxından iştirak etməlidirlər. Çünki, onlar da Azərbaycanda yaşayırlar, burada öz bizneslərini inkişaf etdirməklə, əlavə gəlirlər əldə etməklə yanaşı bu kimi layihələrdə də fəal iştirak etdirməlidirlər".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də vurğuladığı kimi bu yaşayış kompleksləri məcburi köçkün və qaçqınlar üçün müvəqqəti yaşayış yerləridir:

"Azərbaycan öz əzəli torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlarını, Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytaracağını vurğulayan Prezidentin bu sözlərinin arxasında bir neçə amillər dayanır. Azərbaycanın güclü milli ordusu mövcuddur və 2016-cı ilin Aprel Döyüşləri, 2018-ci ildə Naxçıvan Əməliyyatları da bunun baris nümunəsidir ki, Azərbaycan ordusu erməni ordusundan qat-qat və dəfələrlə üstün olduğunu göstərdi. Biz istənilən vaxt, qısa müddət ərzində öz əzəli torpaqlarımızı geri qaytarmağa hazırıq.

2016-cı ilin Aprel Döyüşləri zamanı ərzində minlərlə kvadrat metr ərazilər Ermənistanın işğalından azad olunmuşdur və qısa müddət ərzində Cocuq Mərcanlıda gözəl bir qəsəbə salındı. İnsanlar öz dədə-baba yurdlarına qayıdaraq orada firəvan və tamamilə yeni qurulmuş, bütün infrostukturlarla təmin olunmuş Cocuq Mərcanlı qəsəbəsində yaşayırlar. Digər bütün məcburi köçkünlərimiz və qaçqınlarımız da Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdə öz dədə-baba yurdlarına qayıdacaqlar və orada da daha gözəl "Qobu Park-3" tipli yaşayış kompleksləri salınaraq lazımı infrostukturla təmin ediləcəkdir. Buna Azərbaycanın iqtisadiyyatı və qüdrəti imkan verir.

Ümumilikdə, ölkədə məcburi köçkünlərin və qaçqınların rifahının yaxşılaşdırılması üzrə işlər, onlara verilən müavinətlər, yaşayış kompleksləri ilə təmin edilmə və dövlət dəstəyi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasətin tərkibində prioritet sahədir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə