13-cü "Tələbə baharı" onlayn keçirildi

Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının bu ilki seçim turları koronavirus pandemiyası ilə əlaqədar onlayn şəkildə baş tutub.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayan layihənin seçim turlarına bu dəfə 15 ali təhsil müəssisəsindən 200-dən çox gənc qatılıb.

Mayın 29-da Festivalın Qala konserti myuzikl formatında keçirilib. Layihə televiziya variantında hazırlanaraq tamaşaçılara təqdim ediləcək.

2009-cu ildə Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə Azərbaycana möhtəşəm qələbəni - birinciliyi bəxş edən Eldar Qasımov da məhz "Tələbə baharı" festivalının iştirakçı və qalibləri olublar.

2011-ci ildən etibarən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

Festivalın keçirilməsində məqsəd, tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaqdır.

Eyni zamanda gənclərə dövlət qayğısını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq da, layihənin əsas istiqamətlərindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə