Layihə rəhbəri: “Əvvəlllər narkotikdən istifadə edənlər 25- 30 yaş həddində idisə, indi bu göstərici 15-18 yaşa qədər enib”

Layihə rəhbəri: “Əvvəlllər narkotikdən istifadə edənlər 25- 30 yaş həddində idisə, indi bu göstərici 15-18 yaşa qədər enib”
"Üfüq"Gənclərin İnkişafı Naminə İctimai Birliyi Bakı şəhərində "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında sosial problem olan zərərli vərdişlərin profilaktikasına dair maarifləndirmə işinin aparılması" adlı layihə icra edir. Bu barədə SİA-ya layihənin rəhbəri Nahid Quliyev məlumat verib. o bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi regionlarda xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zərərli vərdişlərlə bağlı maarifləndirmə və məlumatlandırma xarakterli qabaqlayıcı tədbirlərinin aparılması, informasiya çatışmazlığının aradan qaldırılması, Sağlam həyat tərzi və sağlam ailə prinsiplərinin təbliği zərərli vərdişlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılması xüsusi qayğıya ehtiyacı olan uşaqların maraqlarının müdafiəsidir.

Bakı şəhərində seçilmiş 2 məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün zərərli vərdişlər mövzusunda məktəbdənkənar təlimlərin keçirildiyini deyən layihə rəhbəri vurğulayıb ki, hər iki məktəbdən cəmi 80 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağa məktəbdən kənar təlimlər keçəcək. Onun sözlərinə görə, hər məktəbdə 4 dəfə olmaqla, cəmi 8 gün təlim təşkil olunacaq.

"Təlimlər zamanı uşaqlara zərərli vərdişlər, onların ziyanlı tərəfləri barəsində biliklər veriləcək. Azərbaycanda narkomaniya problemi bir sıra dünya ölkələri ilə müqayisədə faciəvi həddə çatmasa da, son illər narkomanların artım dinamikası narahatlıq doğurmaya bilməz. Rəsmi statistikaya görə, Azərbaycanda ötən il 18 mindən artıq narkotik istifadəçi qeydə alınmışdırsa, bu il bu göstərici 21 min 80 nəfər olub. Ancaq qeyri-rəsmi statistikaya görə, narkomanların sayı 180- 200 min nəfər təşkil edir. Fövqəladə vəziyyət ondan ibarətdir ki, narkomaniya probleminin mərkəzində 15-30 yaşında gənclər və qadınlar dayanır. Artıq narkotiklərdən istifadənin gəncləşdiyi tendensiyası müşahidə olunmaqdadır. Əvvəlllər narkotikdən istifadə edənlər 25- 30 yaş həddində idisə, indi bu göstərici 15-18 yaşa qədər enib.

Layihə nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zərərli vərdişlərlə bağlı lazımi biliklərin yaranması, onların maariflənməsi, zərərli vərdişlərlə mübarizədə QHT-lərlə xüsusi məktəblərin imkanlarının artırılması, birləşdirilməsi, sağlam həyat tərzi prinsiplərinin davamlı təbliği, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə yerli dövlət orqanları, özünüidarə orqanları arasında fəaliyyətin koordinasiya edilməsi, lazımi informasiya bazasının yaradılması və əldə olunmuş informasiyanın başqa uşaqlara verilməsi kimi nailiyyətlərin əldə olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə