Könüllülük həyat tərzimizdir

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Bugün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı demək olar ki, on milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı—könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Könüllülük fəaliyyəti altruistik fəaliyyət sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük fəaliyyəti ilə məşğul olurlar (məsələn, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq, əylənmək və s.).

Könüllülük fəaliyyəti müxtəlif sahələrdə olabilər: Əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi; uşaqlar və gənclərlə işlərin aparılması; mədəni tarixi sərvətlərin qorunması; ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması; insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği. Dünyada könüllülük fəaliyyətinin çox əsrlik tarixi vardır. Qeyd edək ki, könüllülük müxtəlif coğrafi ərazilərdə müxtəlif səbəblərlə həyata keçirilib. Qədim zamanlarda müxtəlif dinlərin yayılması və təbliğatı zamanı, xəstəlik epidemiyaları başladıqda həkimlərin insanlara yardım etməsi və s. fəaliyyətlər könüllülük prinsipləri üzərində həyata keçirilib. XVII-XVIII əsrlərdə Fransa və İngiltərədə ilk könüllülülər hərbi xidmətə gedən insanlar olub. O zamanlar hərbi xidmət məcburi olmadığı üçün kralın çağırışı ilə insanlar könüllü surətdə müharibələrə və ümumilikdə hərbi xidmətə gedirdilər. Şimal qonşumuz olan Rusiyada XIX əsrdə könüllülük prinsipləri ilə çalışan müəllim və həkimləri nümunə göstərmək olar. O dövrdə bəzi zadəganlar təhsilsiz insanlara dərs keçiblər və bu bir dəb halını alıb. Eyni zamanda, müxtəlif xeyriyyə cəmiyyətləri də yaradılıb. 1859-cu ildə İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı və iş adamı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaradır. Burada yaralılara könüllülər ilkin tibbi yardım göstəriblər. Bunun nəticəsində yaradılan, könüllülük fəaliyyətinin bariz nümunələrindən biri olan və bugün də fəaliyyətini davam etdirən Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərini misal göstərə bilərik.

Azərbaycanda da könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələrini, müharibəyə könüllü gedən həkim və tibb bacılarını buna misal kimi göstərmək olar. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərlərinin bariz nümunələrindəndir.

Ölkəmizdə əsası ümummillilider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin bariz nəticələrindən biri də Azərbaycanda olan könüllülük hərəkatıdır. 2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən Prezident İlham Əliyev “ASAN” könüllülük hərəkatına öz xeyir duasını vermiş və beləliklə müasir Azərbaycanda könüllülük hərəkatının bünovrəsi qoyulmuşdur. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Bugün artıq bu hərəkat inkişaf edərək bütün Azərbaycana yayılıb və gənclərimizin həyat tərzinə çevrilib. Bəli, ölkə başçısı tərəfindən könüllülüyə göstərilən dəstək və qayğı bizi neçə illər tarixi olan könüllülük ənənələrinə qaytardı və gənclərə yeni fürsətlər yaratdı

Hal-hazırda ölkəmizdə bir-birinin ardınca çoxlu sayda könüllü hərəkatları yaranmışdır və bu hərəkatların çoxluğu bu sahədəki sağlam rəqabət mühitini formalaşdırır və nəticə olaraq bütün tərəflər və ümumilikdə dövlətimiz, cəmiyyətimiz qazanmış olur. Bu hərəkatların təcrübəli, bacarıqlı, müasir düşüncəli və ölkə başçısının vurğuladığı dəyərləri özündə birləşdirən müasir Azərbaycan gəncini və kadr ehtiyatını inkişaf etdirir. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahat və inkişafın kənardan passiv izləyicisindən onun aktiv bir parçasına çevrilirlər. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən atılan digər bir addımda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi oldu və beləliklə bu il könüllü gənclərin ili elan edildi. Qeyd edək ki, dünyanı bürüyən pandemiyanın fəsadlarının minimuma endirilməsi ilə bağlı da könüllülər var gücü ilə çalışmış, paytaxt və regionlarda minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin müxtəlif ərzaq və gündəlik təlabat məhsulları ilə təmin etmək üçün çalışmışlardır. Pirallahı rayonunda da könüllülərin fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Buna ahıl və tənha insanlara sosial xidmətlərin göstərilməsi, xəstəlikdən qorunma məqsədilə təbliğati işlərin aparılması, qoruyucu vasitələr, tibbi maska və əlcəklərin aztəminatlı ailələrə çatdırılmasını misal çəkmək olar. Həmçinin aprel ayının 21-də Yeni Azərbaycan Partiyası İcra Katibliyində keçirilən qanvermə aksiyasında Pirallahı rayon gəncəri fəal iştirak etmişlər.

Bu il könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlərin olduğunu söyləmək olar. Belə ki, dövlətimizin başçısının bütün dövlət və özəl qurumların fəaliyyətinə gənclərin könüllü kimi cəlb olunması ilə əlaqədar tövsiyəsi şübhəsiz ki, gənclər üçün yeni fürsətlər yaradacaq. Həmçinin vətəndaşlarımızın bu fəaliyyətə gündən-günə artan marağını nəzərə alsaq, könüllülük digər qabaqcıl ölkələrdəki kimi tədricən həyat tərzimizə çevriləcək.

YAP Pirallahı rayon təşkilatının könüllüsü

İlqam Əskərov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...