"Siz hər bir insanın taleyini dövlətin ümdə işinə çevirmisiniz" Prezidentə Minnətdarlıq

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

SİA Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktublardan bir neçəsini təqdim edir.

Beyləqandan Sahilə Fərmanova:

"Möhtərəm cənab Prezident, dünyanı sarsıdan COVID-19 pandemiyası xalqımız üçün də qorxu yaradırdı. Sizin uzaqgörən siyasətiniz bu qorxunc xəstəliyin sürətlə yayılmasının qarşısına böyük bir sədd çəkdi. Koronovirus pandemiyasına qarşı atdığınız uğurlu addımların nəticəsi göz qabağındadır. Biz böyük müəllim ordusu Sizə güvənir və xalqımızın rifahı naminə bütün sahələrdə apardığınız islahatları ürəkdən bəyənirik. Allah Sizi qorusun!".

Abşeron rayonundan Pərvanə Əliyeva:

"Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus pandemiyasının təsirləri Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə minimum səviyyəyə endirildi. Sizin və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevanın məqsədyönlü işləriniz sayəsində bu mübarizədən üzüağ, alnıaçıq çıxmaqdayıq. Əlbəttə, bunun əsas səbəbi Sizin xalqla birlikdə olmağınızdır. Xalqımızın sağlamlığını düşünərək "Evdə qal!" çağırışını etdiniz. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi, sahibkarlara edilən güzəştlər, tibb işçilərinin sosial təminatlarının yaxşılaşdırılması və bu istiqamətdə atılan digər addımlar Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdi. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik".

Göyçay rayonunun sakinləri Pərviz Həsənov və Ceyhun Mütəllimov:

"Möhtərəm cənab Prezident, xalqımız Sizi çox sevir və dəstəkləyir. Ulu öndər Heydər Əliyev və Siz Azərbaycan xalqına azad yaşamağı qismət etdiniz. Ulu Öndərimiz demişdir: "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir". Siz bu gün hər bir insanın taleyini dövlətin ümdə işinə çevirmisiniz. Hər birimizə göstərilən qayğı dövlətin hər an vətəndaşının yanında olduğunu göstərir.

Biz, ailələrimiz, bütün Azərbaycan xalqı Sizə minnətdarıq. Çox sağ olun, cənab Prezident!".

Şamaxıdan Məryəm Süleymanova:

"Əziz Prezidentimiz, uşaqlar Sizi də, Mehriban xanımı da çox istəyirlər. Koronavirus təhlükəsindən xalqımızı qoruduğunuza və bu çətin günlərdə hamıya yardımlar etdiyinizə, hər bir kəsə kömək göstərdiyinizə görə ailəmiz Sizə minnətdardır. Mən, həmçinin təhsil aldığım Şamaxı Avropa Liseyinin 1d sinfinin şagirdləri adından da Sizə təşəkkür edirəm.

Allah Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun!".

Bütün xəbərlər Facebook səhifəmizdə