"Sizin kimi ədalətli, xalqını sevən liderimiz olduğu üçün qürur hissi keçirirəm” Prezidentə Məktub

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

SİA Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktublardan bir neçəsini təqdim edir.

Bakının Yasamal rayonundan şagird Elxan Nuriyev:

"Çox hörmətli cənab Prezident, mənim 16 yaşım var, orta məktəb şagirdiyəm. Oxuduqlarıma və eşitdiklərimə əsasən deyə bilərəm ki, ulu öndər Heydər Əliyev və Siz müdrik qərarlarınızla və siyasətinizlə Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyan taleyüklü məsələlərin həllinə nail olmusunuz. Məktəblərdə müəllimlər və şagird dostlarım bütün bunlarla bağlı ağızdolusu danışırlar. COVID-19 pandemiyasını da bu cərgəyə aid etmək olar. Sizin sərəncamlarınız, tapşırıqlarınız, çağırışlarınız hesabına bu xəstəliklə layiqli mübarizə aparırıq və qalib gələcəyimizə böyük inamımız var. Məktəbdən uzaq qaldığımız bu çətin günlərdə dərslərimizi onlayn üsulla davam etdiririk. Yaradılan bu imkana, şəraitə görə Sizə təşəkkür edirəm. Bu dərslər mənim üçün çox vacibdir. Orta və ali məktəb arasında keçid mərhələsində olduğumdan təhsilimdə yarana biləcək böyük fasilə mənim gələcəyimə mənfi təsir göstərə bilər. Ona görə də onlayn dərslərə daha məsuliyyətlə hazırlaşıram. Sizə bir daha təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram".

Şirvan şəhərindən Aybəniz Zülfiqarova:

"Möhtərəm cənab Prezident, Siz müasir Azərbaycanın banisi, memarı, adı və imzası tarixə qızıl hərflərlə yazılmış ölməz liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz tədbirlər təqdirəlayiqdir. Hər bir vətəndaşın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması üçün gördüyünüz tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Bundan əlavə, müxtəlif sahələrdə apardığınız islahatları da dəstəkləyir, bu istiqamətdəki fəaliyyətinizə Sizə uğurlar diləyirəm.

Siz çıxışlarınızda gənclərə dəstək verdiyinizi daim vurğulayır və onların inkişafı üçün geniş imkanlar yaradırsınız. Mən bir gənc olaraq Sizin kimi ədalətli, xalqını sevən, qoruyan liderimiz olduğu üçün sonsuz sevinc, qürur, şərəf hissi keçirirəm".

Bakı şəhərindən həkim İlqar Əzimov:

"Hörmətli cənab Prezident, Sizin ciddi nəzarətiniz altında Azərbaycan Hökuməti amansız COVID-19-la mübarizə aparır. Dünyada yayılan ağır virusun xalqımızdan az itkilərlə yan keçməsi üçün çox diqqət və qayğı göstərdiniz. Bir həkim olaraq mən bu mübarizənin istiqamətini və yerinə yetirilməsini alqışladım, kənarda qalmamağa çalışdım. Lakin bütün gigiyena qaydalarına riayət etməyimə baxmayaraq, mən də COVID-19-a yoluxdum. 10 aprel-9 may tarixlərində "Yeni Klinika"da çox ağır vəziyyətdə oldum. 10 gün müddətində süni tənəffüs aparatına bağlı oldum. O dövrdə TƏBİB başda olmaqla bütün "Yeni Klinika" heyəti davamlı mübarizə nəticəsində məni çox təhlükəli vəziyyətdən çıxara və həyata qaytara bildilər. Bütün bu şəraitin, müasir klinikanın, avadanlığın və ən əsası, insani münasibətin memarı olan Sizə dərin minnətdarlığımı bildirirəm. Bu gün mənim ailəmin, qohumlarımın, dostlarımın və yaxınlarımın yanında olmağım Sizin nəzarətiniz altında yaradılmış TƏBİB və "Yeni Klinika"ya təhkim olunmuş fədakar Azərbaycan həkimlərinin sayəsindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...