"Dövlətin şəhid ailələrinə güclü sosial qayğısı var" ÖZƏL - AÇIQLAMA

"Dövlətin şəhid ailələrinə güclü sosial qayğısı var" ÖZƏL - AÇIQLAMA

"Dövlətin şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına güclü sosial qayğısı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirmiş əlillərin sosial problemləri də daim diqqət mərkəzindədir. Onların mənzillə təminatı, minik avtomobilləri ilə təmin edilməsi, məişət şəraitlərinin yaxşılaşdırılması və sosial müdafiəsi ildən-ilə gücləndirilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

O bildirib ki, 2019-cu il ildə inqilabi sosial paket çərçivəsində şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət və qayğı göstərilib: "Ötən il yanvarın 28-də ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü cəmiyyətdə onlara olan yüksək ehtiramın və böyük rəğbətin nümunəsi kimi qarşılandı. Həmin görüşdən sonra cənab Prezidentin imzaladığı müvafiq fərmana əsasən, şəhidlərin vərəsələrinə birdəfəlik ödəmə olan 11 min manatın verilməsinin əhatəsi genişləndirildi, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edildi".

Millət vəkili bildirib ki, 2019-cu ildə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü uğrunda əlilliyi olan vətəndaşlara 1000-ə yaxın mənzil verildi, hazırda bu istiqamətdə social layihələr davam etdirilir. Eyni zamanda, keçən il müharibə əlillərinə 600-dən artıq avtomobil verilib. "2020-ci ildə bu uğurlu sosial siyasət daha da gücləndiriləcək və 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək. Eyni zamanda, onlara 400 maşının verilməsi nəzərdə tutulur".

Milli Məclisin deputatı şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının, onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin əhatəli olduğunu, dövlətimizin maliyyə imkanlarının artması hesabına davamlı olaraq onların müvainət və təqüdlərinin artırıldığını vurğulayıb: "Son bir ildə Prezident İlham Əliyevin qayğısı sayəsində şəhid ailələri üçün aylıq təqaüd 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara, o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub. Bundan başqa, dövlətimiz bu sosial qruplara müxtəlif güzəştlər edir, onların övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, müxtəlif sosial imtiyazlar verilib".

Aydın Hüseynov qeyd edib ki, dövlət başçısı və Birinci vitse-prezidentin tapşırıqları əsasında əlilliyi olan şəxslər üçün müasir tələblərə uyğun reabilitasiya infrastrukturu qurulub istifadəyə verilir, əlilliyi olan şəxslər bərpa-müalicə prosedurlarına cəlb olunurlar: "Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə Mehriban xanımın şəxsən iştirak etməsi, hərbçilərlə səmimi şəkildə görüşməsi göstərilən qayğının və ən yüksək insani keyfiyyətin bariz nümunəsidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə