“Prezident bu çətin günlərdə bir daha əsl liderlik nümunəsi ortaya qoydu” İsa Həbibbəyli
"Bütün dünya artıq bir neçə aydan çoxdur ki, koronavirus imtahanı verir. Topsuz-tüfəngsiz atəş açan bu müharibədə Yer kürəsinin bütün qitələri "gözəgörünməz düşmən"lə vuruşmağa məhkumdur. Koronavirus silahsız-sursatsız baş verən üçüncü dünya müharibəsidir". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib.
İ.Həbibbəyli Prezident İlham Əliyevin qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrildiyini deyib: "Bu gün doğurdan da sevindirici haldır ki, Azərbaycan pandemiyaya qarşı ən mütərəqqi və insansevər ölkələr sırasındadır. Ölkəmiz nəinki milli səviyyədə koronavirusla mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda regional və qlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir, təcrübəsini bölüşür. Pandemiyaya qarşı mübarizədə Azərbaycan 10-dan artıq ölkəyə yardım edib. Son 2 ayda Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin mövzusunun da koronavirusa qarşı mübarizəyə həsr olunması bir daha təsdiq etdi ki, Azərbaycan bu istiqamətdə dünyanı birləşdirir, təcrübəsini istənilən dövlətlə bölüşür. Bununla da ölkəmiz dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki vaxtında epidemiyaya qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə virusa yoluxma ilə sağalma arasındakı müsbət dinamika, yəni sağalanların sayının yoluxanların sayından çox olması bunu deməyə əsas verir. Digər dövlətlərdə elan olunmuş sərt karantin rejimi davam etdirildiyi halda, Prezident İlham Əliyev bu çətin günlərdə bir daha əsl liderlik nümunəsi ortaya qoydu, koronavirusla mübarizə sahəsində atdığı bütün addımlarla, verdiyi bütün qərarlarla ilk növbədə vətəndaşların sağlamlığının və sosial rifahının təmin olunmasının prioritet olduğunu göstərdi.
Millət vəkili bildirib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində həm də ən çox məsuliyyət heç şübhəsiz ki, tibb işçiləri və polis əməkdaşlarının üzərlərinə düşən daha məsuliyyət daha çoxdur: "Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır. Xüsusi karantin rejimində ölkə başçısı İlham Əliyev polislərin və həkimlərin fəaliyyətini yüksək qiymətləndirdi. Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın Bakıda ölkənin ən böyük xəstəxanasının - "Yeni klinika" tibb müəssisəsinin açılışında dövlət başçısı polislərin gecə-gündüz küçələrdə həyatlarını risk altına qoyduğunu, camaatla mülayim formada başa salmağa çalışıdıqlarını deyib: "Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar".
İ.Həbibbəyli, bir daha vurğulayıb ki, görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir: "Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir".
Rəfiqə KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB