Prezident İlham Əliyev: “Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir”
Azərbaycanın son illər nail olduğu uğurlarının təməlində, təbii ki, düşünülmüş siyasət: əmin-amanlıq, sabitlik dayanır. Bununla bərabər, iqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Bütün bunlar Azərbaycanın dayanıqlı inkişafına zəmin yaradıb.Ölkənin iqtisadi inkişafı onun sosial və mədəni həyatında baş verən dəyişikliklərdə də öz təsdiqini tapmaqdadır. Əhalinin istər aztəminatlı, istərsə də şəhid ailələri, müharibə və əmək veteranlarının sosial təminatının gücləndirilməsi istiqamətində yürüdülən siyasət birmənalı şəkildə həmin kateqoriyalara aid olanların həyat şəraitinin daha da yaxşılaşdırılmasında mühüm amilə çevrilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasət son 17 ildə yüksək səviyyədə davam etdirilir. Məhz bunun nəticəsidir ki, çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməklə yanaşı, həmçinin müharibə əlili və onlara bərabər tutulan vətəndaşlar minik avtomobili ilə təmin edilib, imtiyaz və güzəştlərin miqyası daha da genişləndirilib.
Eyni zamanda, dövlət başçısının müvafiq fərmanları ilə 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən isə müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təminatına başlanılıb. Həmçinin, Prezident İlham Əliyevin imzaladığı 19 aprel 2018-ci il tarixli fərman da ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında daha bir əhəmiyyətli addım kimi cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Xatırlatmaq yerinə düşər ki, 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilib. Dövlət başçısının 19 aprel 2018-ci il tarixli fərmanı isə həmin qanun qüvvəyə mindiyi günədək, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi, həmçinin dövlət başçısının şəhid ailələrinin üzvləri və onların vərəsələri ilə keçirdiyi görüşlər də həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərdəndir.
"Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsi zamanı bir neçə mühüm məqamalara toxunub.
Xüsusilə, dövlət başçısı şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə kompleks şəkildə tədbirlərin həyata keçirildiyini və bu məsələnin daim diqqət mərkəzində olduğunu bildirib: "Bu, daim diqqət mərkəzində olan məsələdir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb - 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir”.
Dövlət başçısı, bütün bununla bərabər şəhid və Qarabağ qazilərinə minik maşınlarının verilməsi ilə də bağlı məlumat verərək bildirib ki, Azərbaycan bu sahədə də liderlik göstərir: “Bununla paralel olaraq, biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Deyə bilərəm ki, bu sahədə də Azərbaycan liderlik göstərir. Çünki dünyanın bir çox yerlərində müharibələr olub, münaqişələr, insan itkisi olub. Mən, əlbəttə, Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəməzdim, ancaq həqiqət ondan ibarətdir ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir”.
"Ermənistanda pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir"
Prezident İlham Əliyev Azərbaycanda həmişə şəhid və Qarabağ əlillərinə daim diqqət və qayğı göstərildiyini, onların sosial problemlərinin həlli ilə bağlı bütün işlərin bundan sonra da görüləcəyini deyib. Dövlət başçısı, onu da deyib ki, lakin Ermənistan isə pulları faşistlərin abidələrinin ucaldılmasına xərcləyir: "İndi bir daha demək istəyirəm ki, heç kimlə müqayisə aparmaq istəmirəm, amma baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onlara mənzil verilir? Onlara avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur. Mənim şəhid ailələri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, cəmiyyət üçün də, şəhid ailələri üçün də çox önəmlidir. Biz şəhidlərin ruhu qarşısında baş əyirik və öz işimizi təkcə sözlə yox, əməllə təsdiq etməliyik. Ona görə artıq 7600 şəhid ailəsinə verilən evlər, - bu il onların sayı 9 minə çatacaq,- bizim əməli işlərimizin gözəl nəticəsidir".
Beləliklə də, bütün bu uğurlu nəticələr onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB