Ölkəmizdə sağlam gənc nəsil yetişir

Ölkəmizdə sağlam gənc nəsil yetişir

Hörmətli Prezidentimizin ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən bu zamana kimi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini layiqincə davam etdirməsi, yeniləşən dünyanın daim dəyişən tələblərinə uyğun hazırladığı mütərəqqi ideyaları sayəsində dövlətimiz dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Cənab Prezidentimizin bu yorulmaz fəaliyyəti qədirbilən xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır.

Hazırda dünyada koronavirusla mübarizə aparıldığı bir vaxtda ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər yüksək səviyyədə icra edilir. Ölkə başçısının uzaqgörən siyasəti həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaratmışdır. İnanıram ki, COVİD-19 virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün görülən bütün bu tədbirlər nəticəsində ölkəmiz pandemiya sınağından layiqincə çıxacaq. Bu çətin şəraitdə işsiz vətəndaşlara 190 AZN birdəfəlik müavinətlərin təyin edilməsi də təqdirəlayiqdir. Rəhbərliyin verdiyi hər bir qərarda yüksək humanizm prinsiplərinə sədaqəti özünü göstərir.

Əhalinin hər bir təbəqəsinə göstərilən böyük diqqət və qayğı təhsil sahəsindən də yan keçməmişdir. Pandemiyanın geniş yayıldığı bir zamanda, sosial təcridin zəruri olduğu bir dönəmdə təhsil sahəsinə dair qərarların nəticəsində həm təhsil işçiləri, həm də təhsilalanlar fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirirlər.

Ölkəmizdə koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı elan olunmuş xüsusi karantin dövründə könüllülərin fəaliyyətini bir təhsil işçisi olaraq xüsusilə təqdirəlayiq hal hesab edirəm. “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkib onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər. Yetişməkdə olan gənc nəslin bu çətin günlərdə bir yumruq kimi birləşərək dövlətimiz tərəfindən aparılan işlərə dəstək olması ölkə başçısının gənclərə göstərdiyi etimadın nəticəsidir.

Bütün istiqamətlərdə atılan addımlara, əhalinin sağlamlığının qorunması istiqamətində görülən operativ işlərə, xalqımıza göstərilən diqqət və qayğıya görə mən də ölkə ziyalısı kimi Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Xalqımızın rifahı və dövlətimizin firavanlığı naminə görülən bu çətin və məsuliyyətli işində uğurlar arzu edirəm. Əminəm ki, bu gün hər birimiz ölkə başçısının "Biz birlikdə güclüyük!" şüarı ətrafında birləşərək çox yaxın zamanda koronavirusa birlikdə qalib gələcəyik.

Xanım Məmmədova, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə