Bütün varlığı ilə xalqına xidmət edən LİDER!

Bütün varlığı ilə xalqına xidmət edən LİDER!

Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"

Bəli, dövlət başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən ötən illərdə dünyada hökm sürən maliyyə böhranı, onun ardıncı dünyanı ağuşuna alan koronavirusla mübarizədə Azərbaycan Prezidenti İlham Əliyev xalqının və dövlətinin ona güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, "göydən gələn gözə görünməz bəla”dan - koronavirus (COVID-19) pandemiyasından xilas üçün ön sırada mübarizə aparır, "soyuq müharibə”nin gətirdiyi fəsadlardan az zərərlə çıxmaq üçün yollar arayır. Bütün bunlar xalqın gözləri qarşısında baş verir. Dövlət başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinin cavabsız qalmamasının isə xalq-hakimiyyət birliyinin növbəti dəfə təcəssümü olduğunu dünya gördü. Bəli bu aksiomadır. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan xalqının sağlamlığı və sosial rifahı dayanır.

Azərbaycan - dünyaya nümunə göstərilən inkişaf modeli

Gəlin müqayisə aparaq ki, hansı dövlətin başçısı öz xalqına bu qədər yaxın və səmimi olub? Bu gün dünyanın istər aparıcı, istərsə də qeyri-aparıcı dövlətlərində baş verən çoxsaylı siyasi kataklizmlər, böhranlar, baş verən və artan narazılıqlar fonunda Azərbaycanda yürüdülən siyasət əsrarəngiz model olaraq təqdim olunmaqdadır. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə göstərilən bir inkişaf modeli formalaşıb. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən iqtisadi və siyasi sabitliyimiz davamlıdır. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, dünyanı bürüyən böhranlardan asılı olmayaraq Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.

Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır.

Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmiş, regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramları, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuş və icra edilmişdir. Çox önəmli faktdır ki, hər il ölkəmizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür.

Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yəni İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-cı ilin Aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşmənə layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən Ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək dağı belə yerindən oynadan xalqın dəstəyi, birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.

Prezidentin sosial islahatlar paketi vətəndaş rifahı naminə atılan inqilabi addımdır

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.

"DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür"

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak edərək, 2020-ci ilin əvvəlindən indiyədək sosial sahədə əldə olunan uğurlar, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri, elektron sistemlər üzərindən göstərilən proaktiv xidmətlər, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avtomobil təminatı, günərzi qayğı, icma əsaslı sosial reabilitasiya və yardım mərkəzləri, habelə DOST agentliyinin regional və beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlər barədə də məlumatlar verildi.

Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsidə də bildirib ki, Azərbaycan bu sahədə də liderlik göstərir: "Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

Bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Eyni zamanda, burada iş yerləri yaradılır. Mənə verilən məlumata görə, bu DOST mərkəzində 130-dan çox iş yeri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur. Bütövlükdə 130-dan çox xidmətin göstərilməsi demək olar ki, sosial sahənin bütün xidmətlərini ehtiva edir. Beləliklə, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub".

"Sosial sahə daim prioritet sahə olub"

Dövlət başçısı çıxışı zamanı son illərdə Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı dünyanın çox nadir ölkələrində rast gəlinən kompleks tədbirlərin həyata keçirildiyini bildirərərkdeyib ki, sosial sahə daima prioritet sahə olub: "Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi – 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı".

Dövlət başçısı bu ilin əvvəlindən bu meyillərin daha da gücləndiyini deyərək bildirib ki, bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır: "Bu ilin xüsusiyyəti ondadır ki, biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir. Eyni zamanda, ödənişli ictimai iş yerlərinin - 90 min iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur".

Prezident çıxışı zamanı bir daha vurğulayıb ki, bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir: "Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə