"Ölkə üzrə 31 DOST mərkəzinin yaradılması təmin ediləcək" NAZİR MÜAVİNİ

"Ölkə üzrə 31 DOST mərkəzinin yaradılması təmin ediləcək" NAZİR MÜAVİNİ

“Azərbaycan Respublikası Prezidentinin hər zaman bəyan etdiyi kimi ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Bu mənada ölkə başçısı tərəfindən ölkəmizdə sosial sahəyə daim diqqət göstərilir. 2018-ci ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən ölkəmizdə çox ciddi islahatlar apekti həyata keçirilir. Bu islahatlar paketinin məqsədində də bilavasitə vətəndaşların sosial rifahının gücləndirilməsi, onların gəlirlərinin artırılması, məşğulluğunun təmin olunması durur”. SİA-nın xəbərinə görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O bildirib ki, həyata keçirilən tədbirlər çərçivəsində ölkə başçısı sosial sahədə şəffaflığın yaradılması, idarəetmənin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələləri əsas prioritet istiqamət kimi bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırmışdı: “Bu tədbirlərin icrası ilə bağlı ölkə başçısı tərəfindən 5 avqust 2018-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agaentliyinin yaradılması ilə bağlı qərar qəbul edilmişdi. Qeyd edək ki, DOST Agentliyinin və yerlərdə fəaliyyət göstərən DOST mərkəzlərinin yaradılması təşəbbüsünün müəllifi Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevadır. Məhz Onun bu sahəyə göstərdiyi diqqəti sayəsində nazirlik tərəfindən qısa müddət ərzində nizamnamənin, strukturunun hazırlanması eyni zamanda DOST mərkəzlərində xidmətlərin göstərilməsi ilə bağlı hüquqi çərçivənin hazırlanması və qəbul olunması təmin edilib. 2019-cu il 9 may tarixində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk DOST mərkəzinin və agentliyinin açılış mərasimi baş tutdu”.

Nazir müavini söyləyib ki, DOST Agentliyi və mərkəzlərinin yaradılmasında məqsəd sosial sahədə əhaliyə göstərilən xidmətlərinin təkmilləşdirilməsindən ibarətdir: “Bu sahədə əhaliyə operativ və tam şəffaf şəkildə xidmətin göstərilməsi vacib şərtlərdən biridir. DOST konsepsiyası hazırlanarkən, əsas rəhbər tutulan prinsiplər əhalinin xidmətlərdən rahat şəkildə faydalanmasıdır. DOST modelində həm əlillik, pensiya, məşğulluq, əmək məsələləri, sosial sığorta və digər məsələlərlə əlaqədar “bir pəncərə” sistemi əsas götürülüb. DOST mərkəzlərinin əsas məqsədi əhaliyə sosial sahədə ən yüksək səviyyədə xidmətlərin göstərilməsidir”.

2 DOST Mərkəzinin 2019-ci ildə fəaliyyətə başladığını xatırladan A. Əliyev qeyd edib ki, onlardan biri Yasamal, dogəri isə Xəzər rayonunda fəaliyyət göstərir: “3-cü mərkəz Nizami rayonunda fəaliyyətə başlayıb. Nizami, Sabunçu və Suraxanı rayon sakinləri bu xidmətlərdən yararlana biləcəklər. Artıq mərkəzlər tərəfindən 100 mindən artıq şəxsə xidmət göstərilib. Əhalinin mərkəzlərin fəaliyyəti ilə bağlı məmnunluq səviyyəsi 96 faiz üzərindədir. Nazirlik tərəfindən hazırlanan konsepsiyaya görə ölkə üzrə 31 DOST mərkəzinin yaradılması təmin ediləcək. Bu mərkəzlərdə 130-a yaxın sosial sahədə xidmətlər təqdim olunacaq. Onların məqsədi vətəndaşlara xidmətlərin operativ və şəffaf rejimdə təmin olunmasıdır”.

Nazir müavini vurğulayıb ki, mərkəzlərin fəaliyyətinə böyük həcmdə gənclər, könüllülər cəlb olunub: “ Sosial sahədə həyata keçirilən çox ciddi innovasiyalar məhz bu mərkəzlər üzərindən həyata keçirilir. Ümumilikdə DOST mərkəzləri ən qabaqcıl təcrübəyə əsaslanan infrastruktur şəklində hazırlanaraq əhaliyə sosial sahədə ən yüksək səviyyədə xidmətlərin göstərilməsi təmin edilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə