"Fors-major dövründə belə ölkəmizin ayaqda qalmasını alqışlayırıq" ÖZƏL - AÇIQLAMA

"Fors-major dövründə belə ölkəmizin ayaqda qalmasını alqışlayırıq" ÖZƏL - AÇIQLAMA

"Fors-major dövründə belə ölkəmizin ayaqda qalmasını, bu böyük bəladan çox az itki ilə çıxmasını alqışlayırıq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü deputat Jalə Əliyeva Prezident İlham Əliyevin 3 saylı DOST mərkəzinin açılışında iştirakını və səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin mərkəzin açılışı zamanı səsləndirdiyi fikirlər ölkədə son dövrlər ərzindən görülən işlərlə bağlı dolğun məlumat vermiş oldu: "Növbəti DOST xidməti binasının açılışı zamanı Prezident İlham Əliyevin AzTv-yə verdiyi müsahibə də digər müsahibələri və açıqlamaları kimi tarixi bir müsahibə, tarixi bir açıqlama kimi qiymətləndirilməlidir. Azərbaycan bütün dünyaya Prezident İlham Əliyevin timsalında, onun dünənki müsahibəsinin timsalında bir daha sosial yönümlü bir ölkə olduğunu, hər bir vətəndaşının dövləti üçün, dövlət başçısı üçün çox böyük bir dəyər kəsb etdiyini və görülən bütün işlərin, atılan bütün addımların Azərbaycan insanının rifah halının yüksəldilməsinə, Azərbaycan insanının dövləti ilə daha sıx təmas qura bilməsinə yönələn addımlar olduğunu nümayiş etdirdi".

Millət vəkili əlavə edib ki, Azərbaycanda ardı-ardına yaradılan DOST mərkəzləri, daha əvvəl açılan "Asan Xidmət" mərkəzləri və digər bu kimi mərkəzlərin hər biri modeldir: "Bunların hamısı dünyaya bir Azərbaycan modelidir və hər biri dünyaya Azərbaycan dövlətinin vətəndaşının yanında olması, vətəndaşının problemləri ilə dərindən maraqlanmasının müsbət bir nümunəsidir və müsbət bir model olaraq da nümayiş etdilir. Əlbəttə ki, bütün görülən işlər üçün, bütün atılan addımlar üçün, xalq naminə, ölkə naminə, vətəndaşlarımız naminə gördüyü bütün ölçüyə gəlmək işləri barədə ölkə Prezidentinə, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Xüsusilə də, pandemiya və karantin dövrlərində, həmçinin, fors-major dövründə belə ölkəmizin ayaqda qalmasını, bu böyük bəladan çox az itki ilə çıxmasını alqışlayırıq. Sevinirik ki, məhz, belə bir ölkənin vətəndaşlarıyıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə