Könüllülər yurdu - Azərbaycan!

Könüllülər yurdu - Azərbaycan!

Könüllülük fəaliyyəti ölkəmizin tarixində, istərsə də adət‐ənənələrində tez‐tez rast gəlinən, humanistliyi, bir növ də vətənpətvərliyi tənənnüm edən fəaliyyətdir. Könüllü olmaq ümid yeri olmaq, savab əmələ sahib olmaq, xalqına, vətəninə sosial xidmət etmək deməkdir. Ölkəmizdə də gənclərin fəaliyyətində könüllülüyün xüsusi yer tutduğunu və bu sahəyə marağın günbəgün artığının canlı şahidik. Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi könüllülər hərəkatı Azərbaycan gənclərinin potensialını, təmənnasızlığını, gözəl xüsusiyyətlərini meydana çıxaran faktorlardan biridir.

Yarandığı gündən Azərbaycan könüllülərinin nəinki müxtəlif beynəlxalq tədbir və aksiyalarda, hətta ölkədə reallaşdırılan müxtəlif xeyirxah aksiyalarda, layihələrdə iştirakı çox müsbət haldır. Könüllülük gənclərin müxtəlif kreativ təşəbbüslər irəli sürməsinə, bu kimi aksiyalarda iştirakına münbit zəmin yaradır. Prezident İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Yaşlı tənha insanların təminatını təchiz etmək üçün könüllülərin onlarla öz əlaqə vasitələrini bölüşürək onlara kömək ola bilmələrini bildirmələri, xeyirxahlıq göstərən təşkilatların, insanların yardımlarının ehtiyacı olanlara çatdırılmasında könüllülərin birbaşa iştirakı mühüm rola malikdir.

Doğrudan da bu gün könüllülər koronavirusla mübarizədə həkimlər, polislər, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə durublar. Pandemiya ilə mübarizədə könüllülərin önə keçməsi indiyədək bu hərəkata, bu fəaliyyətə o qədər də ciddi yanaşmayan gənclər üçün də stimul yaratdı. Nə qədər əhəmiyyətli olduğunu sübut etdi. Azərbaycan pandemiya ilə mübarizədə olduğu kimi virusla savaşda könüllülərin iştirakı ilə bağlı öncül təcrübəsini də dünya ilə bölüşə bilər. İndi əsas məsələ postpandemiya dövründə də könüllülərin aktiv iştirakını təmin etməkdir. Çünki könüllülük bir ilə, yaxud hansısa hadisəyə sığan hərəkat deyil, daimi olaraq yardımlaşma deməkdir. Əldə olunacaq təcrübələrə dayanaraq gələcəkdə də baş verə biləcək bu cür oxşar təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görmək, könüllülərin iştirakı ilə maarifləndirici layihələr həyata keçirmək olduqca vacib və əhəmiyyətlidir.

Ölkə rəhbərinin sədrliyi ilə keçirilən son onlayn müşavirədə də onların nəcib və xeyirxah əməlləri cənab Prezidentimiz tərəfindən yüksək qiymətləndirilib. Üstəlik, dövlət başçısı onlara öz təşəkkürünü bildirib. Könüllülərimiz öz fədakarlıqları ilə dövlətə daim dəstək verdiklərini, xalqın yanında, vətəndaşların xidmətində olduqlarını nümayiş etdirirlər. Bununla da onlar “Könüllülər ili”nin qəhrəmanlarına çevriliblər. Zənnimcə, ölkəmiz koronavirus pandemiyası ilə mübarizədə könüllülərimizin əldə etdiyi təcrübəni də dünya ilə bölüşə bilər.

Misirxan Həsənov, YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini, YAP könüllüsü

Bütün xəbərlər Facebook səhifəmizdə