Azərbaycan könüllüləri onlara olan etimadı doğruldurlar

Azərbaycan könüllüləri onlara olan etimadı doğruldurlar

Sərhəd tanımayan virus dünyanın 170-dən çox ölkəsinə ayaq açıb, bir milyondan çox insanın sağlamlığını təhlükə ilə üz-üzə qoyub. Dünyanın nəhəng dövlətləri gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verib, koronavirusun nə qədər təhlükəli olduğu acı reallığın nümunəsi olublar. ABŞ, Almaniya, Fransa, Çin, İspaniya, İran kimi dövlətlərlə müqayisə etdikdə ölkəmizdə fəsadlarının çox aşağı səviyyədə olduğunu da müşahidə edirik. Hazırda dünyada baş verən hadisələri təhlil etdikdə, bir daha Azərbaycan kimi ölkədə yaşamağımızdan qürur duyuruq. Fəxr edirik ki, ilk gündən vəziyyəti nəzarətə götürən, qətiyyətli iradəsi, təşəbbüskarlığı ilə koronavirusun ölkəmizdə sürətlə yayılmasının qarşısı almağı bacaran dövlət Başçımız var.

Koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezidentimiz İlham Əliyev ölkə vətəndaşların sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyuldu, bütün diqqəti bu sahəyə yönəltdi. Əhalinin sağlamlığının qorunması və ilə bağlı tədbirlər haqqında Fərman imzalandı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Ölkə Başçımızın, Birinci vitse-prezidentimizin bir illik əmək haqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlaması dövlətin və xalqın həmrəyliyini, birliyinin daha bir bariz göstəricisi oldu.

Eyni zamanda Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbəyliyi üçün böyük stimul oldu. Dövlətimiz tərəfindən aparılan genişmiqyaslı işlərə dəstək məqsədilə Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətini isə xüsusi qeyd etmək lazımdır. Paytaxtda və regionlarda keçirilmiş müxtəlif aksiyalar çərçivəsində könüllülər mütəmadi olaraq yaşı 65-dən yuxarı tənha yaşayan yaşlılara, aztəminatlı ailələrə və xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara baş çəkərək onların zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərirlər. Həmçinin, əhali arasında maarifləndirmə işlərinin aparılması, əhaliyə tibbi maskaların paylanılmasında da könüllü gənclərimiz əvəzsiz xidmətlər göstərirlər. Azərbaycan xalqı yaxşı bilir ki, hər zaman xoş gündə də, dar gündə də onların yanında olan dövlət rəhbəri var. Ölkəmizin daxili və xarici siyasətində əldə edilən uğurlar, iqtisadi tərəqqi, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş operativ tədbirlər, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılması deməyə əsas verir ki, belə çətin vaxtda da Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız koronavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaq.

Pandemiya dövründə islahatlar prosesinin genişləndirilməsi, biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımının edilməsi, eyni zamanda iş yerlərinin saxlanılması üçün dövlət dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri, mərhələli şəkildə imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının və güzəranının yaxşılaşmasına xidmət edir.

Orxan Daşdəmirli, Sabuçu rayon Bakıxanov Bələdiyyəsinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə