Hacı Surxay Məmmədlinin“Ramazan işığında” canlı yayımı böyük maraqla izlənilir RƏY

Hacı Surxay Məmmədlinin“Ramazan işığında” canlı yayımı böyük maraqla izlənilir RƏY

“Əslində, bu bizim vəzifəmiz olmaqla yanaşı, həm də vətəndaş məsuliyyətimizdir ki, inanclı insanlara bacardığımız qədər xidmətimizi göstərək, onların maraqlarına uyğun bütün məqamlara diqqət göstərək”

“Ölkəmizdə hazırda mövcud koronavirus pandemiyasına görə məscidlər bağlı olduğu üçün insanlarla dini görüş və söhbətlər, müzakirələr "online" qaydada aparılır”. Bu fikirləri SİA-ya İçərişəhər "Cümə" məscidinin dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi, tanınmış din xadimi, İlahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli müqəddəs Ramazan ayı boyunca Facebook və İnstaqram vasitəsi ilə canlı yayımların təşkili, eləcə də Qədr gecələrinin keçirilməsi ilə bağlı fikirlərini açıqlayarkən deyib.

“Əslində, bu bizim vəzifəmiz olmaqla yanaşı, həm də vətəndaş məsuliyyətimizdir ki, inanclı insanlara bacardığımız qədər xidmətimizi göstərək, onların maraqlarına uyğun bütün məqamlara diqqət göstərək”, deyən Hacı Surxay Məmmədli pandemiya dövründə belə bir təşəbbüsün reallaşdırılmasının uğurlu nəticələr verdiyini də qeyd edib: “Bildiyimiz kimi, mövcud vəziyyətdə məscidlərdə kütləvi toplaşmaq, dini ibadətləri yerinə yetirmək üçün müvafiq məhdudiyyətlər tətbiq edilir və bu, əlbəttə ki, dövlətimizin vətəndaşlarının sağlamlıqlarının qorunması, mühafizəsi üçün çox önəmli qərardır. Bu baxımdan, biz də din xadimi olaraq, inanclı kəsim üçün belə bir təşəbbüsü gerçəkləşdirdik və deyərdim ki, həmin təşəbbüs kifayət qədər özünü doğrultu. Onu da qeyd edim ki, “Facebook” və “İsntagram” səhifələrimdən yayımlanan canlı yayımlar sonradan YouTube” sosial şəbəkəsində də yerləşdirilib ki, canlı yayımlarımıza qoşula bilməyən izləyicilər sonradan həmin şəbəkədən yararlansınlar”.

Professor sonda onu da bildirib ki, karantin rejimində müəyyən yumşaldılmaların olmasına baxmayaraq, hər bir insan bundan rahatlanmamalı, özünün, ətrafının sağlamlığı üçün üzərində məsuliyyət hissini saxlamalıdır: “Bizlərin hər biri uca Rəbbimiz qarşısında eyniyik, bərabərik və Onun buyurduğu əməllərdən biri də insanlarla yaxşılıqları paylaşmaq, gözəl əməllər etmək, insanlıq, humanistlik məfhumunu qorumaqdır ki, məhz belə bir məqamda hər kəs həmin əməlləri icra etməyə çalışmalıdır. Belə əməllər söz yox ki, Rəbbimiz tərəfindən də mükafatlandırılacaq. Bizlər bu çətin imtahandan uğurla çıxmağımız üçün dualarımızı, ibadətlərimizi edirik və inanırıq ki, qısa zamanda Azərbaycan xalqı bu təhlükəli infeksiyadan qurtulacaq. Çünki dövlətimiz də lazımi bütün addımlarını atmaqda davam edir. Əlbəttə ki, biz birlikdə güclüyük”.

Xatırladaq ki, Hacı Surxay Məmmədlinin söhbətlərini dinləmək üçün sonuncu Qədr gecəsində onun “İnstagram” səhifəsində 11 min, "Facebook" da isə 3500-ə yaxın izləyici canlı yayıma qoşulub. “YouTube” kanalından 5 minə yaxın izləyici isə həmin söhbətlərin videoqeydə alınmış variantını təkrar izləmək şansına malikdir.

Bildirək ki, Ramazan ayında ilahiyyatçı- din xadimi Hacı Surxay Məmmədli həmçinin hər gün iftar vaxtı 19:30- dan iftara qədər "Ramazan işığında" rubrikası ilə tamaşaçıların qarşısında olur. Söhbət yenə də həmin qaydada, yəni canlı yayımla həm “İnstagram”, eyni zamanda "Facebook" səhifəsindən edilir. Hər axşam izləyicilər iftar vaxtını rubrikanı təşkil edən komanda və onu aparan din xadimi Hacı Surxay Məmmədli ilə birgə açır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə