Siiyasət, mənim zənnimcə, bütün peşələrdən bir pillə üstündü. Nədənini deyim, siz də görün haqlıyam, ya yox? Nədəni də ibarətdi ondan ki, bütün peşələrdə çalışanlar peşəsinin ustasıdırsa, məhz həmin peşənin əhatə elədiyi dar çərçivədə müvəffəqiyyət qazanır. Yaxud əksinə, peşəsini zəif biləndisə, yenə həmin dar çərçivədə müvəffəqiyyətsizliyə uğrayır və bundan zərər çəkənlərin də dairəsi dar olur.
Bir az açıq deyim ki, hər kəs başa düşsün. Tutaq ki, pis memar pis bir bina tikir, pis müəllim bir neçə yüz şagirdin gələcəyinə, pis həkim bes-on xəstəninn sağlamlığına zərər vurur və sairə. Pis siyasətçinin isə vurduğu zərərin miqyası bütöv bir xalq, bir millət, bir dövlət olur. Buna dair uzaqa getmədən elə öz yaxın tariximizdə o qədər faktlar var ki, onları sadalasam çox vaxt aparar. Odur ki, təfərrüata varmadan bunları yazmaqda məqsədimin üstünə gəlirəm.
Bizim ölkədə, maşallah olsunmu deyim, olmasınmı deyim, bilmirəm, onu oxucu qərar versin, o qədər siyasət peşəsini seçənlər var ki, hətta son illərin ən arzulanan peşəsi olan şoumenliyi də ötüb. Kiçik bir məmləkətdə 70-dən artıq partiyanın olması faktı dediyimizin təstiqi üçün kifayətdir. Olsun, nə deyirik? Demokratik cəmiyyətdi, kimin siyasətlə məşğul olmaq istəyi varsa buyursun. Amma, ay qardaşım,məşğul olacağın bu peşəni seçirsənsə, heç olmazsa onun əlifbasını öyrən də...
Bir siyasət ki, milləti aşağılamaqla, insanların mənəviyyatını cılızlaşdırmaqla qurulacaq,bunun ümumən millətə vurduğu zərbənin miqyasını ölçmək mümkünmü? Belə fəaliyyət siyasət deyil, 5-ci kalonluq fəaliyyətidir. Yəni dövlətə də zərər gəlsin, millətə də zərbə dəysin, insanlar da cılızlaşsın, fərqində deyillər, taki onların istədiyi olsun. İstədikləri də nədir, bu iqtidar pisdi, getsin, biz yaxşıyıq, biz gələk! Lənət şeytana, demişdim e... Yaxşı olan “yaxşı” olduğunu əməlləri ilə göstərər, sübut edər, millət də onun həqiqətən yaxşı olduğunu qəbul edər və deyər ki, bu, indiki iqtidardan yaxşıdı, qoy gəlib olsun iqtidar.Səsini verər, gətirər eliyər onu iqtidar. Amma bu 5-ci kalondakılar başqa yol seçiblər. Nədi bu yol, indi deyim, siz də bilin. Rəhmətlik Molla Nəsrəddin bir gün uzunqulağını (Yəni, ayıb olmasın, eşşəyini) minib, oğluna da heyvanın buruntağını verib kəndin içi ilə gedirmiş. Camaat ona gülüb deyir ki, uşaq piyada gedir, yekə kişi minib uzunqulağa. Molla oğlu ilə yerini dəyişir. Bu dəfə deyirlər ki, qoca kişi piyada gedir, cavan oğlan minib uzunqulağa. Belə olanda ikisi də minir uzuqulağın belinə. Yenə lağa qoyurlar, deyirlər, yazıq heyvan, insafsızlar ikisi birdən minib belinə. Düşüb piyada gedirlər, indi də deyirlər ki, iki adam piyada gedir, uzunqulağa minməyə qıymırlar. Axırda Molla deyir: A bala, kömək elə, bu heyvanı alım dalıma, bəlkə bunların sözü kəsilə!
Bax bizim özünü siyasətçi adlandıran bəzilərinin fəaliyyəti həmin o mollaya söz toxuyan adamların səviyyəsindən bir addım da irəli deyil. Bu hakimiyyətə irad tuturdular ki, korrupsiyaçı məmurları niyə saxlayır vəzifədə? Onların dediklərinə görə yox, ümumən cəmiyyətin sağlamlaşdırılmasını özünə prioritet seçən hakimiyyət başlayır böyük islahatlara və belə məmurlara xalqdan və dövlətdən oğurladıqlarını qusdurmağa. İndi də başlayıblar ki, hakimiyyət indiyə kimi hara baxırdı, nə bilim niyə indiyə kimi bu məmurları vəzifədə saxlayırdı? Sanki dövlət idarə etmək eləcə dəm-dəm halvasıdı ki, kim ayağın yan qoydu işdən qov, həbs elə. Bir kadrın yetişməsinə dövlət illər sərf edir, yolunu azanı yoluna qaytarmağa çalışır, yoluna qayıtmayanı da... Bu bir yana, özünü siyasətçi adlandıran bu oyunbazlar bar-bar bağırırdılar ki, insanlara pandemiya dövründə yardım edilməlidi. Dövlət əvvəl 200 min, sonra isə 600 min vətəndaşa yardım etməyə qərar verdi. Bu dəfə başladılar cəmiyyətdə yardım istəyib ala bilməyənlərin axtarışına. Harda birini tapırlarsa, tez kameranı tuşlayıb, mikrofonu dürtüllər ağzına ki, söy bu iqtidarı. O da bisavad adamdı, elə bilir ki, burdan söyən kimi gətirib 190 manatı basacaqlar cibinə.
Sosial şəbəkələrdə etiraz yazırıq, 5-ci kalonun trolları hücum çəkir üstümüzə. Susursan için özünü yeyir. Atalar demiş, desəm öldürərlər, deməsəm özüm ölləm! O gün bir 30-35 yaşlarında cavan oğlan da çıxıb efurdən dad döyürdü ki, ay dadi-bidad, mənim maşınım var deyə mənə 190 manatı vermirlər. Dözmədim, yazdım ki, sənin yaşında cavan oğlan gərək belə məqamlarda əlsizə, ayaqsıza, ərsiz qadınlara kömək eləsin, utanmırsan bu çıxışından? Pa... At getdi, örkən də düşdü dalına. Tələt yazdı, Faiq bağırdı, Aslan diş qıcadı... Trollar başladı hücuma. O saat anladım ki, bu torbanı boynuna salan cavan oğlan bura özbaşına çıxmayıb...
Yəni dediyim odur ki, belə 5-ci kalonluq edən siyasətçinin fəaliyyəti millətə nə boyda zərər vurduğu göz önündədi. Hamı bunu görür və anlayır.Amma hamı da susur. Bax bu susmaq bizim bu kalonu yaradan və idarə edənlərin planları nəticəsində dövlətə və millətə xələl gətirilməsinə göz yummağımızdır ki, onun da ən ağır zülmünü gələcək nəsillər çəkə bilər. Gələcəyimiz naminə belələrinə göz yummayaq ki, bəlkə özlərinə çəkilələr.
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB