“Korrupsiyaya qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır” Mehriban Abasquliyeva

“Korrupsiyaya qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır” Mehriban Abasquliyeva

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında müxtəlif sahələrdə islahatlar həyata keçirilir. Bu islahatlar xalqın rifahının yaxşılaşdırılmasına, sosial dövlətin inkişaf etdirilməsinə və ölkəmizin inkişafına hesablanıb. İslahatlar yalnız sosial-iqtisadi sahələri əhatə etmir, eyni zamanda struktur dəyişikliklərini də qaçılmaz edir”. Bunu “Səs” qəzetinə açıqlamasında YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezident Administrasiyasında, Nazirlər Kabinetində çox ciddi islahatlar aparıldı və həmin islahatların məntiqi davamı olaraq Milli Məclisdə analoji islahatlara başlandı: “Cənab Prezident islahatlarla yanaşı korrupsiyaya və digər mənfi əməllərə qarşı qətiyyətli mübarizənin anonsunu verdi və ilkin olaraq bütün vəzifəli şəxslərin bu əməllərdən çəkinməsini tələb etdi. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Belə deyə bilərik ki, ilk növbədə humanist qərar qəbul edildi və xoşagəlməz hallara birmənalı şəkildə son qoyulması tapşırıldı. Lakin bəzi məmurlar, xüsusilə bəzi yerli icra hakimiyyətinin başçıları bu tənqidlərdən nəticə çıxarmayaraq, rəhbərlik etdikləri rayonların paytaxtdan uzaq olduğunu düşünərək yerli əhalini incitməkdən çəkinmədilər. İlkin olaraq Ağstafa RİH-in və Yevlax RİH-in sabiq başçılarına qarşı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən çox uğurlu əməliyyatlar həyata keçirildi və nəticədə onların rüşvət alması təkzibolunmaz sübutlarla təsdiqləndi və barələrində əsaslı olaraq cinayət işi başlandı, məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçildi.

Növbəti analoji hallar Neftçala, Biləsuvar və son olaraq İmişli rayonlarında yaşandı. Bu üç rayonun başçıları tərəfindən onlara göstərilmiş etimaddan sui-istifadə edərək korrupsiya cinayətləri törədildiyi sübut olundu. Onların törətdikləri digər cinayətlərə baxanda, həvalə edilmiş vəzifəyə qarşı kobud münasibətləri aşkar görünür. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Bu gün koronavirusla mübarizə aparıldığı bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm də böyük vicdansızlıqdır. Belə bir vəziyyətdə imkansız vətəndaşların ərzaq paylarını, maaşlarını mənimsəyənlər ən ciddi cəzaya layiqdirlər. Atılan məqsədyönlü addımlar bir daha göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu cür özbaşınalıqlar əsaslı olaraq yerli əhalinin narazılığına səbəb olur, nəticədə vətəndaşlar yuxarı instansiyalara müraciət edirlər. Təbii ki, həmin müraciətlər diqqətlə araşdırılır və obyektiv qərarlar qəbul edilir.

Bu günlərdə Prezident Baş prokuroru videoformatda qəbul edərkən bildirdi ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Dövlətimizin başçısının bu çıxışını əsas tutaraq, bütün vəzifəli şəxsləri cənab Prezidentin apardığı islahatlara dəstək verməyə, üzərlərinə qoyulan vəzifələri dərk etməyə, öz işlərində qanunu və qanunçuluğu əsas tutmağa, neqativ tendensiyalara imkan verməməyə, rüşvət və korrupsiyadan uzaq durmağa dəvət edirəm”.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə