Gənclər arasında növbəti onlayn intellektual yarışma keçirilib

Gənclər arasında növbəti onlayn intellektual yarışma keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGBİ) ilə Xəzər İntellektual Gənclər Klubunun növbəti onlayn yarışması keçirib. Bu barədə SİA-ya BŞGBİ-nin rəisi Raqif Abbasov məlumat verib.

O bildirib ki, gənclər arasında keçirilən yarış komandanın iştirakı ilə, hər komandada minimum 6, maksimum 8 nəfər olmaq şərtilə iki turdan ibarət, hər turda 12 sual olmaqla, hər suala 1 dəqiqə vaxt vermək şərtilə baş tutub: "Qismən və çətin olan suallar əsasən ümumi tarix, dünya bilgisi, məntiq, ədəbiyyat, Azərbaycan, eləcə də dünyada baş verən ictimai-siyasi prosesləri əhatə edib. Yarışmanı keçirməkdə məqsəd COVİD-19 nəticəsində evdə qalmaqlarına baxmayaraq komandaların intellektual səviyyələrini artırmaq və komanda düşüncələrini təkmilləşdirməsini davam etməkdir. Məhz bu məqsədlə də xüsusi link vasitəsilə xüsusi platformadan istifadə etməklə intellektual yarışma keçirildi. Hər bir sual çox böyük marağa səbəb oldu. Sağlam rəqabət əsasında verilən cavablar münsiflər heyəti tərəfindən qiymətləndirlib".

İdarə rəisi söyləyib ki, burada məqsəd təkcə asudə vaxtın səmərəli təşkili deyil, həm də ümumi biliyin artırılması, biliyi rəqabətlilik vasitəsilə maksimum artıraraq gələcəkdə paytaxtın komandasını formalaşdırmaq və ən əsası isə karantin rejimi dövründə kütləvi ünsiyyəti onlayn vasitə ilə davam etdirməkdir: "Bu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Xəzər İntellektual Gənclər Klubunun sayca ikinci onlayn yarışması idi. Bilirsiniz ki, birinci yarış Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Onun ömür yoluna və irsinə həsr edilib. Məhz o yarışmadan sonra edilən çoxsaylı təkliflər nəticəsində ikinci onlayn yarışma gerçəkləşdi".

R.Abbasov qeyd edib ki, növbəti onlayn yarışmanın ayın sonuna qədər keçirilməsi nəzərdə tutulur: "Növbəti yarışın xüsusi qayğıya ehtiyacı olan və müxtəlif sosial qruplara aid olan gənclər arasında keçirilməsi planlaşdırılır. Bugünkü nəticələrə görə isə 24 sualdan 17-nə düz cavab verən "Jagermeister" I, "Avalon" 15 düz cavabla II, "Karma" komandası isə 14 düz cavabla III yerə çıxıb. Qaliblərin karantin rejimi bitdikdən sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılması nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə