"Bir qrup şəxs məsuliyyətsiz davranışlar nümayiş etdirir" ÖZƏL - MÜNASİBƏT
"Bir qrup şəxslər var ki, məsuliyyətsiz davranışlar nümayiş etdirməyə davam edirlər. Bu şəxslərin hesabına da koronavirusla mübarizədə problemlər ciddi səviyyədə böyüməyə davam edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olan deputat Fazil Mustafa insanların yumşalma dövründə qaydalara riayət etməsinin hansı dərəcədə olacağı ilə bağlı danışarkən deyib.
Millət vəkili təəssüflə vurğulayıb ki, məsələnin məsuliyyətini anlamayan şəxslər qaydalara riayət etmirlər və bu da prosesləri təhlükəli bir istiqamətə yönəldir: "İnsanların qaydalara riayət etmədiyini düşünürəm. Bu da xəstəliyin daha da yayılmasına səbəb olacaq. Bir qrup şəxslər var ki, məsuliyyətsiz davranışlar nümayiş etdirməyə davam edirlər. Bu şəxslərin hesabına da koronavirusla mübarizədə problemlər ciddi səviyyədə böyüməyə davam edir. Artıq, mayın 18-dən etibarən 65 yaşından yuxarı şəxslərə tətbiq edilən evdən çölə çıxmaq haqqında qadağa da aradan qalxacaq və gedişata baxsaq onların da böyük əksəriyyətinin qaydalara əməl edəcəyini düşünmürəm. Hər halda insanlar bu məsələyə laqeyd yanaşmağa davam etsə bu olduqca təhlükəli bir problemin ortaya çıxmasına səbəb ola bilər".
Fazil Mustafa qeyd edib ki, bu məsələ haqqında hər halda düşünmək lazımdır, çünki, insanların sərgilədiyi davranışlarda ciddi narahatçılıq doğuran amillər var: "Əhalinin bu məsələdə davranışı prosesi daha da təhlükəli nəticələrə yönəldə bilər. Xəstəlikdən qorunmaq istiqamətində bu qədər arxayınçılıq nümayiş etdirmək olmaz. Maskalardan və qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələrin tətbiq edilmə ehtimalı olsa belə bu, aparılan təbliğatlar qədər effekt verə bilməz. Düşünürəm ki, bu məsələdə müəyyən qədər təbliğat tədbirlərini artırmaq lazımdır. Koronavirusla mübarizə istiqamətində nə qədər düzgün təbliğat və maarifləndirmə işləri aparılsa insanlar o qədər məsələni ciddi qəbul edərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB