"Ümumdünya Səhiyyə Təşkilatının, bu sahədə çalışan tibb alimlərinin də verdiyi proqnozlara əsasən, koronavirus hələ dünyamızdan tam yox olmayıb və nə qədər daha bizimlə birgə qalacaq, bunu bilmirik. Koronavirusa o vaxt qalib gəlmiş sayılacağıq ki, bu infeksiyanın vaksini tapılsın və ya onun mübarizəsi ilə bağlı spesifik dərmanlar kəşf olunsun". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri olan deputat Musa Quliyev 18 may saat 00:00 tarixindən etibarə narıncı zona elan edilən bölgələrdə karantinin yumşalmasının növbəti mərhələsinə keçidlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, koronavirusla mübarizədə Operativ Qərargah olduqca müsbət rol oynadı və öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdi və bununla da Prezident İlham Əliyevin koronavirusla mübarizənin bir mərkəzdən idarə olunması ilə bağlı verdiyi qərarın müsbət mənada nəticəsinə şahid olduq: "Üç aydan artıq bir müddətdə Azərbaycanda koronavirusla mübarizə yüksək səviyyədə təşkil edildi. Sərt karantin rejimindən sonra yumşalmanın tətbiq edilməsi, mərhələli şəkildə karantindən çıxma fəaliyyəti uğurla həyata keçirildi. May ayının 18-dən etibarən karantin rejiminin üçüncü mərhələsinə keçirik. Artıq, beş bölgə qalmışdı ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə-Mingəçevir və Lənkəran, burada da tam yumşalmaya keçirik. O cümlədən, 65 yaşından yuxarı şəxslərin də evdən çölə çıxması ilə bağlı qadağa aradan qalxmış oldu. Artıq, iaşə müəssisələrinin də fəaliyyəti bərpa olunacaq. Bunlar koronavirusla mübarizənin uğurlu nəticələridir. Azərbaycan kifayət qədər yaxşı nəticələrlə koronavirusla mübarizəni başa vurmaqdadır. Ölkəmiz bütün göstəricilərinə görə, dünyada ən qənaətbəxş səviyyədə olan ölkələr sırasındadır. Bununla biz haqlı olaraq fəxr edə bilərik".
Millət vəkili qeyd edib ki, eyni zamanda, bu müddət ərzində əhalinin sosial müdafiə tədbirləri və tibbi xidmətlər olduqca yüksək səviyyədə təmin olundu, bütövlükdə dövlət öz üzərinə düşən vəzifəni layiqincə həyata keçirdi: "Ümumdünya Səhiyyə Təşkilatının, bu sahədə çalışan tibb alimlərinin də verdiyi proqnozlara əsasən, koronavirus hələ dünyamızda tam yox olmayıb və nə qədər daha bizimlə birgə qalacaq, bunu bilmirik. Koronavirusa o vaxt qalib gəlmiş sayılacağıq ki, bu infeksiyanın vaksini tapılsın və ya onun mübarizəsi ilə bağlı spesifik dərmanlar kəşf olunsun. Ona görə də, yumşalma dövründə də hər kəsə tövsiyyə edirik ki, üzərilərinə düşən məsuliyyəti dərk etsinlər və Operativ Qərargahın tövsiyyələrinə də ciddi əməl olunsun. Tövsiyyələr də, yenə ehtiyac olmadığı halda evdən çölə çıxmamaq, 10 nəfərdən artıq bir yerə toplaşmamaq və s. bu kimi tədbirlərdən ibarətdir. Xüsusilə, ictimai iaşə müəssisələrində koronavirusla mübarizənin təməlini təşkil edən tələbləri uyğun əməl etməlidirlər. Həmçinin, dezinfeksiyaedici vasitələrdən istifadə edilməli və sanitariya qaydalarına riayət olunmalıdır. İnsanlar özlərini qorumalıdırlar. Belə olduğu halda biz cəmiyyət olaraq bu problemə qalib gələ biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB