Köhnə bazar, köhnə nırx! - ŞƏRH

Köhnə bazar, köhnə nırx! - ŞƏRH

Mənim az yaşım yoxdur. Rəhmətlik Hüseyn Arifin təbirincə desək, altmışımı yelə vermişəm. Və bu altmış ilin tən yarısını Sovet dönəmində, Kommunist rejimində rejimində yaşamışam. Otuz ilə yaxındır ki, müstəqil, demokratik Azərbaycanda yaşayıram. Bu otuz ildə Azərbaycanda hər şey dəyişib. İnsanların dünyagörüşündən, mənəvi dəyərlərdən tutmuş ölkənin simasına, insanlarım yaşam tərzinə, sosial-məişət şəraitinə qədər bütün sahələrdə fundamental dəuişiklərin şahidi olmuşam. Hətta müstəqilliyin ilk illərində beynəlxalq aləmdə iki-üç dövlət tərəfindən haqqımıza dəstək ala bilirdiksə, indi, maşallah, nə az, nə çox, yüz əlli beş dövlətin dəstəyilə BMT-nin Təhlükəsizlik Şurası kimi müqtədir bir quruma üzv seçilirik, təxminən o qədər də dövlətin səsini alıb Qoşulmama Hərakatına sədr seçilirik. Yatsaq yuxumuzda görəcəyimiz ən mötəbər yarışlara, tədbirlərə ev sahibliyi edirik.Xülasə, dəyişən çox şeylər var ki, hamısını sadalamağa nə vaxtımız var, nə də köşə imkanımız(Köşə - yəni köşə yazıdan söhbət gedir.

Belə yazının konkret yeri və hərf sayı olur axı!) Odur ki, dəyişənlərimizi sadalamağa burda son qoyub keçirəm dəyişməyənlərimizə. Yəni bu qədər dəyişmələrdən, yeniləşmələrdən kənarda qalan köhnə bazarın köhnə nırxçılarına. Axı atalarımız köhnə bazara təzə nırx qoymamağı tövsiyə edib. Day demiyib ki, bazar köhnədisə, elə nırxını da köhnə qaydada saxla və nə bazarı təzələ, nə də nırxı.! Bilirəm, indi oxucu məni qınayacaq ki, nədi axı o dəyişməyən ki, bu qədər uzadıram mövzunu.

Ona gərə dolayısı ilə yox, birbaşa gəlirəm mətləbin ortasına. Neçə gündür ki, sosial şəbəkələr bir onlayn “konfrans”dan yazılarla dolub. Adını “konfrans” qoyduqları bu internet savaşından çoxlarının xəbəri var. Orda Gültəkin kimləri necə ittiham və təhqir elədi, Cəmil, “Bu şəhərdə”kilər deməli, Brejnevvari necə yastı-yastı söz soxdu dostlarının ürəyinə, “Ziyalı” Eldəniz hansı formada”ziyalı” məsləhətləri verdi və sairə. Bunlardan hər kəsin xəbəri var. Amma çoxlarının xəbəri yoxdu ki, bu bıdbəxtlər düz otuz ildi belədilər, hələ də belə olaraq qalıblar. Yaxşı xatırlayıram, həm də təkcə mən yox, o zaman haqqında danışacağım Qurultayda iştrak edənlərin hamısı xatırlayır ki, Azərbaycan Xalq Cəbhəsinin Opera və Balet Teatrının binasında, 1991-ci iln yayında keçirdiyi qurultayda da elə həmin vəziyyət idi. Məsələn, Rəhim Qazıyev Fransadan bir Güney Azərbaycan əsilli xanımı gətirib çıxardı tribunaya. O da başladı ki, “Ay millət, bunlar (Əlini İsa Qəmbərə tərəf uzatdı) öğrəcdilər (Bağışlasın oxucular, bunu Haiti Borner adlanan həmin qadın dedi, mən sadəcə onun dediyini sizlərə çatdırıram). Bunnar gelib Firensədə bizimlə görüşmellər, gedef ərməni Ayrikyanla görüşellər...”.

Sonra da İsanın tərəfdarları çıxdı tribunaya başladı Rəhimin qarasına ağızlarına gələni deməyə. Bayaq haqqında danışdığım onlayn “Konfrans”da da həmin səviyyənin dəyişmədiyinin şahidi oldum. Şahidi olmaqla həm çox pərişan oldum, həm də bir balaca sevindim. Pərişan oldum ona görə ki, nə qədər olmasa, bunlar da bizim millətdən sayılır.

Düzdü, çoxlarının bizim millətdən olmasına şəxsən mənim şübhəm var. Amma axı psportlarında bizdən olduqları yazılır. Bunları seyr edən dünya elə biləcək ki, biz elə o səviyyədə millətik. Sevindim ona görə ki, illərdi bunların 1990-cı illərin əvvəllərindəki dünyagörüşdən, səviyyədən bir addım da irəli getmədiklərini bar-bar bağırırıq, bəziləri buna irad bildirirdilər ki, yox, onlar da dəyişib, onlar da inkişaf ediblər. İndi kiminsə deməsinə ehtiyac qalmadı artıq. Özləri özlərinin hansı səviyyədə olduqlarını çılpaqlığı ilə nümayiş etdirdilər.Hər kəs də bizim dediklərimizin boş qazana vurulan çömçənin çıxardığı danqıltı deyil, gerçək notlar üzərində çalınam, həm milli, həm də beynəlmiləl hava olduğunu yəqin elədi. Mən dəfələrlə demişəm, yenə deyirəm, müxalifət meydanını inhisara alıb, yeni düşüncəli, dəyişən qüvvələri meydana buraxmayan arxiv qoxulu bu siyasət dəllallarının millətimizə və dövlətimizə vurduqları zərbə, torpaqlarımızı işğal edən düşmənin vurduğu zərbədən elə də ciddi fərqlənmir. Düşmən ərazimizə, Vətənimizə nüfuz edir, bunlar da milli-mənəvi dəyərlərimizə! Odur ki, bu onlayn “konfrans” iştrakçılarına bir daha deməyi özümə borc bilirəm: Hamınız sözünüzün əvvəlində də, axırında da xalq, millət deyirsiniz.

Həqiqətən bu milləti, bu xalqı zərrə qədər sevirsinizsə, çəkilin yoldan, imkan verin gerçək, real müxalifət formalaşsın və konstruktiv siyasi mübarizənin əsası qoyulsun. Özünüz anlayın ki, siz hələ də təzə “bazar”a uyğunlaşa bilmirsiniz. Qırxında öyrənən gorunda çalar deyib atalarımız. Sizin qırxınız da çıxıb, altmışınız da. Amma hələ köhnə bazarda köhnə nırxla çabalayırsınız. Təzələnmək üçün xeyli illər keçməlidir.

Amma siz hələ təzələnməyə heç qərarlı da deyilsiniz. Deməli təzə bazarda sizə “piştaxta” olmayacaq. Olmayacaqsa, köhnə bazarınızı bağlayın, gedin istirahətə-flana. Çünki nırx çoxdan dəyişib və indiki alış-verişdə köhnə nırx sizi böyük, həm də çox böyük zərərə salar!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə