Eldar İbrahimov: "Elə adamlar var ki, özlərini padşah kimi aparırlar" ÖZƏL - AÇIQLAMA

Eldar İbrahimov: "Elə adamlar var ki, özlərini padşah kimi aparırlar" ÖZƏL - AÇIQLAMA

"İnsanlara, əhaliyə diqqətli yanaşmaq lazımdır. Seçdiyimiz yol düzgün yoldur. Bu istiqamətdə görülən işləri müsbət qiymətləndirir və dəstəkləyirəm". Bu sözləri SİA-ya açıqlaması Milli Məclisin İntizam Komissiyasının sədri deputat, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov ölkədə rüşvətxorluq və korrupsiyaya qarşı aparılan tədbirlərdən danışarkən deyib.

Millət vəkili hazırda icra hakimiyyətlərindən tutmuş nazirliklərdə və digər qurumlarda aparılan monitorinqləri yüksək qiymətləndirib və bu işlərin labüdlüyünü də vurğulayıb: "Cənab Prezident İlham Əliyevin göstərişi ilə icra hakimiyyətlərindən, nazirliklərdən tutmuş və digər qurumlarda rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan mübarizəni çox yüksək qiymətləndirirəm və bildirmək istəyirəm ki, bu belə də olmalıdır. Seçdiyimiz yol düzgün yoldur və bu istiqamətdə görülən işləri müsbət qiymətləndirir, dəstəkləyirəm. Bütün insanlara, əhaliyə kömək etmək hər birimizin borcudur. Hər bir məmurun təmsil etdiyi qurum çərçivəsində əhaliyə dəstək verməsi, onların problemlərinə diqqət ayırması, onlara kömək etməsi və düzgün istiqamətləndirməsi vacibdir.

Rayon icra başçıları, təbii ki, bunu hamıya şamil etmirəm, elə adamlar var ki, özlərini padşah kimi aparırlar. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, hər bir məmur insanların qulluğunda durmalıdır, onlara kömək etməlidir və əl tutmalıdır. Çox təəssüflər olsun ki, bunu nəzərə almayanlar da nəticəsini gördülər. Məsələ ondadır ki, digər məmurlar bundan nəticə çıxartmalıdırlar. Belə davam etməməlidir. İnsanlara, əhaliyə diqqətli yanaşmaq lazımdır".

Eldar İbrahimov qeyd edib ki, Prezident İlham Əliyev hər bir icra başçısını qəbul edərkən ilk növbədə ondan işini şəffaf şəkildə həyata keçirməsini tələb edir: "Prezident dəfələrlə icra başçılarını qəbul edərkən bildirib ki, vəzifəni təmiz və şəffaf şəkildə həyata keçirmək lazımdır. Bu prinsipə əsasən fəaliyyət göstərilməlidir. Bir vətəndaş kimi Prezident İlham Əliyevə təşəkkür edirəm ki, insanlara, əhaliyə bu cür diqqət və qayğı göstərir və əhalini incidən insanlar da cəzasını çəkirlər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə