"Əlbəttə ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı deyib. Hər zaman olduğu kimi bu gün də dövlətimizin həyata keçirdiyi təxirə salınmaz tədbirlər nəticəsində Azərbaycan bütün dünyanı bürümüş koranavirusdan ən az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında ön sıralardadır. Avropanın ən qabaqcıl ölkələrini belə virusla mübarizədə arxada qoyur və Azərbaycan modeli hər zaman olduğu kimi çətin bir zamanda da öyrənilir. Görülən tədbirlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyətinin, müdrik siyasətinin nəticəsidir.
Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbir həyata keçirildi və bu davamlıdır. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. Cənab İlham Əliyevin vurğuladığı kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir: "Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir".
"İNDİKİ ŞƏRAİTDƏ KARANTİN REJİMİNİN TƏMİN EDİLMƏSİ, GÖZLƏNİLMƏSİ PANDEMİYAYA QARŞI MÜBARİZƏ İŞİNDƏ ƏSAS MƏQSƏDLƏRDƏN BİRİDİR"
Ölkəmizdə əhalinin sağlamlığının qorunması Azərdaycan Prezidenti İlham Əliyevin ciddi nəzarəti altındadır. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur ki, may ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu da istehsal gücünü artırmağa imkan verəcək. "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətində birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur.
Prezident İlham Əliyev çıxışı zamanı koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafının daha aktual mövzuya çevrildiyini bildirərək qeyd edib ki, bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu, davam edir: "Ancaq koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır".
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir: "Əlbəttə ki, indiki şəraitdə karantin rejiminin təmin edilməsi, gözlənilməsi pandemiyaya qarşı mübarizə işində əsas məqsədlərdən biridir. Hesab edirəm, bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır" – deyə Azərbaycan Prezidenti bildirib.
"Mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək".
Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Koronavirusla bağlı məlumatlardan təşvişə düşmək deyil, bu təhlükənin yayılmasına, dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməlidir. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontakda olmaq və digər
qaydalara ciddi əməl etmək tələb olunur. Vətəndaşlarımız maksimum məsuliyyətli olmalı və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidirlər. "Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil", deyə çıxışında bildirən Cənab İlham Əliyev bildirib ki, bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik: "…bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkələrdə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik. Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik".
"QABAQLAYICI TƏDBİRLƏRİN GÖRÜLMƏSİ BİRİNCİ MƏRHƏLƏDƏ İMKAN VERDİ Kİ, BİZ BU VƏZİYYƏTDƏN AZ İTKİLƏRLƏ ÇIXAQ"
Bildiyimiz kimi, bu gün Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Hazırda ölkəmizdə 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alır. Dünya standartlarına cavab verən "Yeni klinika" da bu xəstəxanalar sırasındır. Bu yaxınlarda isə modul tipli birinci xəstəxananın açılışı oldu. "Qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq", deyən Azərbaycan Prezidenti qeyd edib ki, başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik: "Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar". Dövlət başçısı üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarının atılmasını diqqətə çəkərək, yoluxanların sayının artmağa başladığını bildirib: "Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər".
Dövlət başçısı bütün dünyada yumşalma prosesinin getdiyini bildirib: "Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır".
Təbii ki, dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Dövlət tərəfindən tətbiq olunan qaydalar əhalinin təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə yönəldilib. Hər bir vətəndaş qaydalara maksimum əməl etməyə çalışmalıdır. Cənab Prezident bir daha vətəndaşlara çağırış edərək bildirib: "…məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB