Dövlət başçısı cinayət törədənlərin bundan sonra da cəzalandırılacağını bildirib
Bu gün ölkəmizdə insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin də başlıca hədəfləri, məhz ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Belə ki, dövlət başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir.
Prezident İlham Əliyev çıxışlarında da vurğulayır ki, sosial siyasətin dövlət siyasətinin ayrılmaz hissəsidir: "Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur".
Elə Prezident İlham Əliyev mayın 13-də Kəlbəcər rayon icra hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin olunan Azər Qocayevlə videoqəbulda çıxışı zamanı bir neçə mühüm məqamalara toxunub.
"Siz bu yüksək etimadı öz işinizlə doğrultmalısınız"
Keçirilən görüşdə dövlət başçısı bu gün gənclərə dövlətin göstərdiyi etimaddan və bu etimadı öz işləri ilə doğrultmaqdan danışıb: "Siz bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilirsiniz. Bu, sizə göstərilən böyük etimaddır. Siz bu etimadı doğrultmalısınız. Siz gəncsiniz, cəmi 34 yaşınız var. Sizin təyinatınız, eyni zamanda, onu göstərir ki, gənclərə bu gün çox böyük imkanlar yaradılır, onların fəaliyyəti üçün bütün şərait yaradılıbdır və gənclər məsul vəzifələrə təyin edilirlər".
Dövlət başçısı gənclərin son illər ərzində ictimai həyatda çox fəal rol oynadığını və xüsusilə də, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusunun yaradıldığını bildirib: "Könüllülər hərəkatı ASAN könüllülərdən başlamışdır. Bu gün ASAN könüllüləri, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirirlər, o xüsusiyyətləri təcəssüm etdirirlər. Hazırda digər sahələrdə də könüllülər kifayət qədər geniş fəaliyyət göstərirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm".
"Kəlbəcərin işğal altına düşməsinin səbəbkarı xəyanətkar AXC-Müsavat hakimiyyətidir"
Prezident İlham Əliyev bu gün Azərbaycanın gözəl guşəlrindən olan Kəlbəcərin işğal altında olmasının səbəkarı xəyanətkar AXC-Müsavat hakimiyyəti olduğunu deyib: "Kəlbəcərin işğal altına düşməsinin səbəbkarı xəyanətkar AXC-Müsavat hakimiyyətidir. Məhz onların xəyanətkar və yarıtmaz fəaliyyəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür, vətəndaşlarımız həlak olmuşdur və Kəlbəcərdən olan bütün soydaşlarımız məcburi köçkün şəraitində yaşamağa məcbur olmuşlar. Bu cinayət AXC-Müsavat hakimiyyətinin birinci cinayəti deyildi. Şuşanın və Laçının işğal altına düşməsində də AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olmuşdur. O vaxt onlar Azərbaycanda hakimiyyət davası aparırdılar".
"Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaq, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, “beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirmək"
Dövlət başçısı bu xəyanətkarların əsas məqsədləri ancaq hakimiyyətə gəlməkdir və bu gün də özlərini radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, “beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirməkdir: "Onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır. Ancaq onların niyyəti məhz budur: Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaq, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, “beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirmək".
"Azərbaycan xalqı bunu unutmamalıdır, xalq düşmənlərini unutmamalıdır", - deyən dövlət başçısı belələrini XƏYANƏTKAR adlandırıb: "Mən onları öz adları ilə çağırıram. Belə də olmalıdır. Çünki xalqa, dövlətə xəyanət edən xaindir. Xaricin maraqlarını burada təmin etmək istəyən, öz xalqına, öz xalqının, dövlətinin maraqlarına zərbə vurmaq istəyən düşməndir. Bunun başqa adı yoxdur. Hamı da bunu bilməlidir".
"Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir"
Prezident ilk gündən dövlətin məcburi köçkünlərə çox böyük diqqət yetirildiyini, xüsusilə də 2003-cü ildən bu günə kimi, bu sahədə görülən işlər əsas xətt kimi davam etdirildiyini bildirib: "Siz gənc kadr kimi, ilk növbədə, məcburi köçkünlərə böyük diqqət göstərməlisiniz. Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir. Fəaliyyətimizin bu istiqaməti 2003-cü ildə mənim Prezident kimi fəaliyyətə başladığım dövrdən əsas xətt kimi davam edir. Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı. Onu da bildirməliyəm ki, çadır şəhərciyi, o acı mənzərə də AXC-Müsavat hakimiyyətinin məhsulu idi. Ondan sonra biz köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində daha fəal işlər apardıq. Bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilibdir. Bu il isə bu rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Ona görə dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir. Keçən il mənim Sərəncamımla məcburi köçkünlərin maddi təminatı da yaxşılaşdırılmışdır. Onlara verilən müavinətin həcmi 50 faiz artmışdır".
"Xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq"
Dövlət başçısı ilk öncə hər bir təyin olunun məmurun xalqın içində olmasını, onların problemlərinin həllinə çalışmasını bildirib. Prezident İlham Əliyev, həmçini son vaxtlar məmur özbaşınalığı və rüşvətxorluğundan danışaraq deyib ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə bundan sonra da amansız olacaq: "Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir".
"Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir"
Dövlət başçısı belə cinayətkarların xalq tərəfindən nifrətlə dövlətin apardığı siyasəti isə dəstəklədiklərini deyib. Həmçinin, vurğulayıb ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub: "Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.
Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar".
Beləliklə də, dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB