Azərbaycan turizmi gələcək fəaliyyətə necə hazırlaşır? AÇIQLAMA - ÖZƏL

Azərbaycan turizmi gələcək fəaliyyətə necə hazırlaşır?  AÇIQLAMA - ÖZƏL

“Bütün dünyada olduğu kimi Azərbaycan turizmi də qlobal pandemiyaya görə böhran vəziyyətindədir. Dünyada turizm istiqamətləri yeni starta hazırlaşır və Azərbaycan da bu starta hazırdır”. Bu barədə SİA-ya Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

O bildirib ki, Azərbaycan turizmi yenidən normallaşana qədər 4 mərhələni keçəcək: “Hazırda biz ilkin mərhələdəyik və bu mərhələdə start üçün xüsusi proqramlar, kampaniyalarla bağlı hazırlanır. Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilən kampaniya əsasən daxili turizmin inkişafı ilə bağlıdır. Bu kampaniya artıq start götürüb və bu günlərdə daha da geniş yayılacaq”.

Qurum sözçüsü söyləyib ki, bundan əlavə turistlərin sağlamlığının qorunması şərtilə Azərbaycan turizminin rəqabətinin artırılması üçün yönəldilən proqramlar var ki, onlar post-pandemiya dövründə turizm məkanlarında, iaşə obyektlərində, turistlərə xidmət edən nəqliyyat vasitələrində xüsusi sanitar-gigiyenik qaydalarının tətbiq edilməsidir:“Bununla turistlər qornudqlarını, həmin ərazilərdə onların sağlamlıqlarına heç bir təhlükənin olmadığını biləcəklər. İkinci mərhələ daxili turizmin bərpası ilə bağlıdır. Biz artıq elan etmişik ki, Azərbaycanda turizm mövsümü karantin bitən günün səhərisi başlayacaq. Əgər karantin mayın 31-də bitsə, o zaman iyunun 1-də turizm mövsümünə start verilmiş olacaq”.

K. Quluzadə vurğulayıb ki, üçüncü mərhələ xarici səfərlərlə bağlı olacaq: “Çox güman ki, ilk olaraq yaxın qonşu ölkələrlə sərhədlər açılacaq və bununla da gediş-gəliş turizminə start veriləcək. Vəziyyət tam normallaşdıqdan sonra isı dünya ilə sərhədlərin açılması nəzərdə tutulur ki, o da 4-cü mərhələni əhatə edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə