"Koronavirusa ilk ciddi reaksiya Azərbaycandan gəldi" ÖZƏL - AÇIQLAMA
"Dünyanın heç bir inkişaf etmiş ölkəsində Azərbaycanda olduğu kimi yoluxan xəstələrə diqqət və qayğı göstərilmir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Kamilə Əliyeva Azərbaycanda koronavirusla mübarizə fonunda görülən işlərdən danışarkən deyib.
Millət vəkili vurğulayıb ki, ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin, tikiş fabrikində fəaliyyət göstərən qoruyucu kombinizonların istehsal müəssisəsinin açılışında iştirak etdilər ki, bu, koronavirusla mübarizə fonunda Prezident İlham Əliyevin iştirak etdiyi dördüncü müəssisədir:
"Bununla yanaşı yeni klinika açıldı və baxmayaraq ki, digər profil üçün açılışı sentyabrda nəzərdə tutulmuşdu, lakin, Prezidentin təşəbbüsü ilə COVID-19-lu xəstələrin oraya yerləşdirilməsi göstərişi verildi. Bütün bunların hamısı bir daha onu göstərir ki, ölkə rəhbərliyi Azərbaycan vətəndaşının sağlamlığı naminə bütün vasitələrdən istifadə edir və çox qətiyyətli addımlar atır. Dünyada koronavirus pandemiyası yayılmağa başladığı gündən buna ilk ciddi reaksiya məhz, Azərbaycan Respublikası tərəfindən gəldi. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən bir sıra göstərişlər verildi, Operativ Qərargah yaradıldı, təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı, sərhədlər bağlandı və digər bu kimi tədbirlər həyata keçirildi, bununla da az itkilərlə koronavirusla mübarizə aparmış oluruq".
Kamilə Əliyeva əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun da yaradılması dünyada müsbət mənada əks-səda yaratdı, hansı ki, daha sonra bir çox dünya ölkələri Azərbaycanın bu təcrübəsindən nümunə götürdülər:
"Ölkəmizdə ilk koronaviruslu xəstə müəyyən ediləndən xəstəxanalar hazırlıq səviyyəsinə gətirildi və bu istiqamətdə işlər davam etdirildi. Hətta, Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə Azərbaycanda görülən işləri yüksək dəyərləndirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ölkədə 23 laboratoriya fəaliyyət göstərir, burada testlər aparılır və testlərin sayı hər gün artırılır. Bunun da nəticəsində xəstəliyin qarşısının alınması daha səmərəli olur. Milyon nəfərə düşən testlərin sayına görə də, Azərbaycan lider ölkələr sırasındadır. Həmçinin, 10 modul tipli xəstəxananın tikilməsi üçün də qərar qəbul edildi. Bunun üçün 14 milyon manat vəsait ayrılıb. Eyni zamanda onlardan birinin açılışı da bu yaxınlarda oldu və burada Prezident İlham Əliyev də iştirak etdi. Xəstəxanaların paytaxtla yanaşı bölgələrdə də inşanı nəzərdə tutulub.
Sonda insanlara üzümü tutub demək istərdim ki, dövlət koronavirusla mübarizədə bütün vasitələrdən istifadə etdi və hər bir şəraiti yaratdı. Dünya ölkələrindən heç bir inkişaf etmiş ölkədə Azərbaycanda olduğu kimi yoluxan xəstələrə diqqət və qayğı göstərilmir. Əlbəttə ki, bu bir nümunədir. Hazırda məsuliyyət insanların üzərindədir. Bu infeksiyanın vaksini tapılmayana qədər bununla mübarizə aparmalıyıq. Qaydalara riayət etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB