ÜST Azərbaycanı bir nümunə olaraq dünyaya göstərir - ŞƏRH

ÜST Azərbaycanı bir nümunə olaraq dünyaya göstərir - ŞƏRH

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi bu təsisatın qlobal həmrəylik və əməkdaşlıq istiqamətində səmərəli platformaya çevrildiyini göstərir. Qlobal həmrəyliyin təmsilçisi rolunda çıxış edən Azərbaycanın təşəbbüsü ilə ard-arda iki mötəbər tədbirin təşkili ölkəmizin qlobal pandemiya ilə mübarizədə dünya dövlətlərini səfərbər etmək niyyətinin xoş təzahürü və beynəlxalq əməkdaşlığa töhfəsidir.

Koronavirus pandemiyasının ümumi bəlaya çevrildiyi bir vaxtda Azərbaycan Zirvə görüşünü təşkil etməklə hər zaman bir-birinə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını bir araya gətirməyə nail olub. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfədir ki, baş verirdi. Bütün bunlar Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanın beynəlxalq əməkdaşlığa və həmrəyliyə çağırışları və bu istiqamətdə fəaliyyəti dünya dövlətləri tərəfindən təqdir olunur və alqışlanır. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin, BMT Baş Assambleyası prezidentinin, Afrika İttifaqı sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı bir daha Azərbaycana etimadın göstəricisidir. Prezident İlham Əliyev videokonfrans iştirakçıları ilə Azərbaycanın təcrübəsini bölüşdü, ölkəmizin pandemiya ilə mübarizə istiqamətində atdığı addımları, bu istiqamətdə gördüyü işləri konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Ümumdünya Səhiyyə Təşkilatı məhz Azərbaycanı bir nümunə olaraq dünyaya göstərir və Azərbaycan Prezidentinin bu pandemiya ilə mübarizədə həm beynəlxalq səviyyədə göstərdiyi səylərini, eyni zamanda Azərbaycanın daxilində gördüyü işləri çox yüksək dəyərləndirir. Azərbaycan Prezidenti həm milli-regional, həm də beynəlxalq səviyyədə pandemiya ilə mübarizədə öz sözünü deyib, beynəlxalq birliyə həm təcrübəsini təklif edir, eyni zamanda humanist, insanpərvər mövqedən çıxış edərək maliyyə sıxıntıları çəkən ölkələrə yardımlar edir. Buna görə də Azərbaycan artıq beynəlxalq birliyin ən dəyərli üzvü statusunu qazanıb, təsadüfi deyil ki, ölkəmizə böyük inam var, Azərbaycanın dünyada nüfuzu getdikcə artır və sözü eşidilən bir ölkəyə çevrilib.

Xədicə Eminova,

YAP Sabunçu rayon təşkilatının 252 saylı məktəb-lisey ərazi ilk partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə