"Azərbaycan kiçik dövlətdir, lakin, əsas onun diplomatik uğurlarıdır" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan kiçik dövlətdir, lakin, əsas onun diplomatik uğurlarıdır" ÖZƏL - AÇIQLAMA

"Bu qlobal təhlükəyə qarşı mübarizədə Azərbaycanın öndə gedən dövlətlərdən biri olduğu vurğulanıb. Bu cəhətdən Azərbaycan bu gün beynəlxaq aləmdə təşəbbüskar və təşəbbüslərini həyata keçirən bir dövlət kimi tanınır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan adına irəli sürmüş olduğu bütün təşəbbüslər qlobal aləm və dünya ölkələri tərəfindən hər zaman dəstəklənib:

"Azərbaycan artıq beynəlxalq aləmdə təşəbbüskar bir ölkə kimi tanınır. Prezident İlham Əliyevin də bu mənada fəaliyyəti çox yüksək qiymətləndirilir. İstər "Əsrin Müqaviləsi" olsun, istər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin inşası olsun, eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi, TAP və TANAP kimi layihələr artıq beynəlxalq aləmdə əks-səda verən və bu gün də istifadə olunan, milyonlarla insanların faydalandığı, eləcə də onlarla ölkənin faydalandığı bir təşəbbüsün nəticəsi kimi qiymətləndirilir".

O vurğulayıb ki, bu gün bütün dünya pandemiya ilə mübarizə aparır və Azərbaycan da dünyanın bir parçası kimi bu mübarizəni ən operativ və aktiv şəkildə aparır: "Bəzi məsələlər və xüsusilə də bəzi təhlükələr sərhəd tanımır. COVID-19-un da belə sürətlə yayılması bunu sübut etmiş oldu. Bir çox ölkələr pandemiya ilə bağlı nə edəcəklərini bilmədilər. Operativ mübarizə planı, mərkəzləşmiş bir şəkildə idarəetmə mexanizmini qura bilmədilər. Dünyanın bir çox inkişaf etmiş ölkələri ciddi problemlər yaşadı. Lakin, Azərbaycanda Prezident İlham Əliyev ilk gündən etibarən cəmiyyətdə həyəcan və təşviş yaratmadan bir sıra qabaqlayıcı tədbirlərin görülməsi haqqında tapşırıqlar verdi. Bundan sonra da pandemiya diqqətdən kənarda qalmadı. Gedişat mütəmadi olaraq izlənildi və ciddi nəzarətdə saxlanıldı. Prezident İlham Əliyevin göstərişi ilə yaradılan Operativ Qərargah mərhələli şəkildə planlar hazırladı. Bu planlar həm yaxın dövrü, həm də post-pandemiya dövrünü əhatə edirdi.

Ölkədə aparılan əks-pandemiya tədbirləri nəticəsində ən az itkilərlə dövrü yekunlaşdırmaq məqsədi qarşıya qoyulmuşdu. Lakin, bu mübarizədə əməkdaşlığa da çox böyük ehtiyac var idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi bütün dövlətlər ayrı-ayrı pandemiya ilə mübarizə apardığı kimi birgə əməkdaşlığa da diqqət ayırmalıdırlar. Çünki, ən yaxşı təcrübələrin paylaşılması, nəticələrdən dərs çıxarılması indiki dövrdə çox vacib idi. Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, biz başqa ölkələrin yol verdiyi səhvlərə yol verməyəcəyik. Biz onların səhvlərini öyrənərək nəticə çıxarırıq. Bu cəhətdən Prezident beynəlxalq əməkdaşlığın zəruri olduğunu qeyd etdi və bu istiqamətdə bir sıra addımlar atıldı".

Məlahət İbrahimqızı qeyd etdi ki, 2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə həm Türk Şurasına üzv olan dövlətlərin videokonfrans şəklində görüşü həyata keçirildi, həm də onun rəhbərliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin Zirvə görüşü baş tutdu: "Bu videokonfranslarda Azərbaycanın pandemiya ilə bağlı əldə etdiyi təcrübələr bölüşüldü və müxtəlif istiqamətlərdə müzakirələr aparıldı. Həmçinin, Qoşulmama Hərakatının videokonfransı zamanı Prezidentin təşəbbüsü ilə təmas qrupu yaradıldı və 40-dan çox dövlət başçısı iştirak etdi. Eyni zamanda burada Ümümdünya Səhiyyə Təşkilatının Baş katibi şəxsən özü iştirak etdi və Azərbaycanın təcrübəsini çox müsbət dəyərləndirdi, həmçinin, Azərbaycanın koronavirusla mübarizədə beynəlxalq aləmə verdiyi töhfəni yüksək qiymətləndirdi. Bütün bunlar çox böyük diplomatik uğurlar və təşəbbüslərdir. Azərbaycan kiçik dövlətdir, lakin, əsas olan onun diplomatik uğurları və nüfuzudur. Azərbaycanda pandemiya ilə mübarizə dövründə əldə etyimiz nailiyyətlər nəticəsində digər ölkələrdə yaşanan problemlər ölkəmizdə yaşanmadı.

Bu gün dünyada ən önəmli məsələlərdən biri əməkdaşlıqda etibarlı tərəfdəş olmaqdır. Azərbaycan da bu fəaliyyət istiqamətində ən etibarlı ölkələrdən biri sayılır. Bu da Prezidentin apardığı xarici diplomatiya sayəsində əldə olunub. Bu qlobal təhlükəyə qarşı mübarizədə Azərbaycanın öndə gedən dövlətlərdən biri olduğu vurğulanıb. Bu cəhətdən Azərbaycan bu gün beynəlxaq aləmdə təşəbbüskar və təşəbbüslərini həyata keçirən bir dövlət kimi tanınır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə