Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da genişləndirilməsi" mövzusunda müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev konkret 4 təkliflə çıxış edib.
Şura sədrinin birinci təklifi ictimai nəzarət prosesini koordinasiya və daha işlək təşkil etmək üçün qurumun yaradılması ilə bağlı olub. Azay Quliyev yaradılacaq qurumun adını da səsləndirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində İctimai Şura. "İctimai Şuraya ixtisaslaşmış təşkilatlar, bu sahədə təcrübəsi olan qurumlar və həqiqətən də bu prosesdə dövlətə yaxından kömək etmək iqtidarında olan təşkilatlar cəlb edilsin," - deyən millət vəkili ölkədə mövcud olan uğurlu analoji presedentlər haqda məlumat verib. Onun fikrincə, Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən analoji qurumların işini uğurlu addımlar saymaq olar.
Azay Quliyevin ikinci təklifi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial xidmətləri yaxşılaşdırmaq və sosial əhəmiyyətli problemlərə QHT-lərin yaxından cəlb edilməsi ilə bağlıdır. "Bu baxımdan hesab edirəm ki, qeyd olunan sahələr üzrə QHT-lərə Dövlət Dəstəyi Şurası nazirliklə birgə maliyyə yardımı müsabiqəsi elan edə və QHT-lərin bu problemin həllində yaxından iştirakını təmin edə bilər".
Səslənən üçünçü təklif "ünvanlı sosial yardım, əlil və şəhid ailələrinə paylanan ev və nəqliyyat, əlillik dərəcəsinin verilməsi və digər bu kimi məsələləri tənzimləyən komissiyaların işinə QHT-lərin cəlb edilməsi çox vacibdir və bu şəffaflığın təminatına çox müsbət təsir edə bilər," - deyə Azay Quliyev fikrini əsaslandırıb.
Nəhayət, Azay Quliyevin müşavirədə səsləndirdiyi dördüncü təklif nazirlik tərəfindən əhaliyə göstərilən sosial xidmətlərin bir qisminin QHT-lər vasitəsilə həyata keçirilməsi haqqında olub. Şura sədri bildirib ki, beynəlxalq təcrübədə analoji addıma rast gəlinir. "Bir çox hallarda dövlət tərəfindən təqdim olunan sosial xidmətlərin bir hissəsi QHT-lər vasitəsi ilə həyata keçirilir. Burda həm çox böyük işçi resursuna qənaət olunur, eyni zamanda xidmətin qiyməti kifayət qədər aşağı düşür. Hesab edirəm ki, bunu reallaşdırmaq üçün bölgələrdə bir neçə pilot layihə həyata keçirilə bilər. Bununla da gələcəkdə QHT-lər bu xidmətin həyata keçirilməsində xüsusi bir rola malik ola bilər," – deyə millət vəkili fikirlərini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB