Bilman Vəliyev: "Ölkədə gedən quruculuq işlərini dağıdıcılıq əməlləri ilə pozmağa səy göstərən radikal müxalifət ünsürləri bu dəfə də öz arzularına çata bilmədilər" - AÇIQLAMA

Bilman Vəliyev: "Ölkədə gedən quruculuq işlərini dağıdıcılıq əməlləri ilə pozmağa səy göstərən radikal müxalifət ünsürləri bu dəfə də öz arzularına çata bilmədilər" - AÇIQLAMA

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının ümdə vəzifələrindən biri də xalqa xidmətdən etmək, ümummilli maraqlardan və dövlətçilik ənənələrindən çıxış etməkdir. YAP-ın yaranması və Azərbaycan cəmiyyəti daxilində özünə böyük dayaqlar yaratması xalqın Ulu Öndər Heydər Əliyevə olan dərin məhəbbətindən, millətin öz liderinə olan sədaqətindən irəli gəlir.

Bu barədə SİA-ya açıqlamasında YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev deyib. O bildirib ki, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı 1993-cü ilin fevral ayında yaranıb. Həmin ayda rayon təşkilatının birinci təsis yığıncağı keçirilmişdir və rayonun ictimai-siyasi fəalları, ictimaiyyət nümayəndələri Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının yaranması ideyasını yekdilliklə dəstəkləyib: "Həmin dövrlər respublikada cərəyan edən hadisələr, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün qeyri-demokratik addımları təzyiqlərlə müşahidə olunurdu. Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunurdu. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı. Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu".

B.Vəliyev qeyd edib ki, o dövrlər bir sıra təzyiqlərlə də üzləşdik, lakin bütün bunlara rəğmən biz təşkilatın yaranmasının və fəaliyyət prinsipinin genişləndirilməsinə nail olduq. Təşkilatlanma məsələsində ilk işimiz ictimaiyyəti, xalqı bu partiyanın göstərəcəyi fəaliyyəti və nizamnaməsi ilə tanış etmək idi. Eyni zamanda, bizim sayımız o zamanlar 30-40 nəfəri təşkil edirdi. Artıq bundan sonra partiyamıza gələnlərin sayı tədricən artmağa başladı və əhatə dairəsi genişləndi. Məhz bunun nəticəsidir ki, bu gün Yeni Azərbaycan Partiyasının sıraları davamlı olaraq artmaqdadır. Hazırda ümumi olaraq, Yeni Azərbaycan Partiyasında 530 mindən çox vətəndaşın təmsil olunduğunu xatırladan YAP Abşeron rayon təşkilatının sədri vurğulayıb ki, Abşeronda partiya üzvlərinin sayı 6 mini keçib, bunun 52 faizini gənclər, 50 faizə qədərini isə qadın üzvlərimiz təşkil edir. Eyni zamanda, təkcə 10 gün ərzində Abşeron rayonunda partiya sıralarına 208 nəfər üzv qəbul olunmuşdur. Yeni Azərbaycan Partiyası üzvlərinin əksər çoxluğu təhsil, səhiyyə və digər ictimai sahələrin nümayəndələridir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə də hazırlaşdıqlarını deyən B.Vəliyev vurğulayıb ki, bütün kəndlərdə və qəsəbələrdə tədbirlər planı hazırlanıb: "Həmin tədbirlər planına görə, artıq vaxt da təyin edilib. Bilavasitə YAP Abşeron rayon təşkilatı da bu mühüm tədbirin keçirilməsi üçün fəaliyyət planını həyata keçirəcək. Artıq ayın 20-dən bu tədbirlərin həyata keçirilməsinə başlamışıq. O cümlədən, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub. Məktəblərdə və digər təhsil müəssisələrində isə ədəbi-bədii kompazisiyalar nümayiş olunacaq."

Ölkə başçısı, Prezident İlham Əliyevin gördüyü abadlıq və quruculuq işlərinin əhəmiyyətinə də toxunan YAP Abşeron rayon təşkilatının sədri qeyd edib ki, bu gün ölkəmizin inkişafı və tərəqqisi istiqamətində reallaşan işlərin hər biri dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır: "Cənab Prezidentin regionlara ardıcıl səfərləri, bölgələrdə abadlıq və quruculuq işlərinin geniş vüsət alması bütün bu deyilənləri yetərincə təsdiqləyir. Vurğulamaq istərdim ki, Abşeron rayonunda, eyni zamanda, Xırdalan şəhərində də abadlıq və quruculuq işləri davam etməkdədir. Xüsusilə, məhəllədaxili yolların, qəsəbələrin modernləşməsi, yeniləşməsi istiqamətində görülən işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Onlar cənab Prezidentə gördüyü nəhəng quruculuq işlərində daim uğurlar diləyir, Ona minnətdarlıqlarını bildirirlər. Təbii ki, bütün bunlar prezident İlham Əliyevin xalqına olan diqqəti və qayğısıdır. Təkcə Xırdalan şəhərində və ətrafında onlarla yeni məktəblər tikilmiş, ya da yenidən əsaslı təmir olunmuş, yeni səhiyyə ocaqları istifadəyə verilmişdir. Bütün bu həqiqətlər, təbii ki, millətin və xalqın gözünün qabağında baş verən bir gerçəklikdir, bir reallıqdır."

Ölkədə gedən ictimai-siyasi məsələlərə də münasibət bildirən B.Vəliyev sonda digər bir məqama da toxunaraq, qeyd edib ki, ölkədə yaranmış ictimai sabitliyi inkişaf və tərəqqini görməməzliyə vuran bəzi qaragüruhçular müəyyən xarici qüvvələrin əli ilə müsbət amilləri, faktorları qaralamağa cəhd göstərirlər: "Təbii ki, ölkədə gedən quruculuq işlərini dağıdıcılıq əməlləri ilə pozmağa səy göstərən radikal müxalifət ünsürləri bu dəfə də öz arzularına çata bilmədilər. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib və daim onun yürütdüyü daxili və xarici siyasətə dəstək olacaqdır. Təkcə "İctimai Palata" adlanan qondarma qurumun 17 apreldə uğradığı fiasko bütün bu deyilənlərin nəticəsidir. Əli Kərimovun, İsa Qəmbərovun, onların ətrafında cəmləşən 5-3 nəfərin xəyanətkar, satqınçılıq əməlləri sağlam düşüncəli ictimaiyyətimiz, cəmiyyətimiz tərəfindən kəskin qınanıldı və artıq bu gün deyə bilərik ki, ölkədə qeyri-qanuni yollarla "hakimiyyətə gəlmək istəyən radikal müxalifət" yoxdur, onlar sıfır həddindədir. Abşeron rayonu ərazisində həmin müxalifət partiyalarından istefa verən şəxslər YAP-ın rayon təşkilatına müraciət edərək, xalqın partiyasına üzv olmaq üçün ərizə ilə müraciətlər edirlər. Biz həmin ərizələri diqqətlə nəzərdən keçirdikdən sonra, istefa verən şəxslərin partiyaya qəbulu üçün məsləhətləşmələr aparırıq."

Bütün xəbərlər Facebook səhifəmizdə