Ermənistanın faşist siyasətinin və faşizmi təbliğ etdiyinin sübutları ŞƏRH - ÖZƏL

Ermənistanın faşist siyasətinin və faşizmi təbliğ etdiyinin sübutları ŞƏRH - ÖZƏL

"Dağlıq Qarabağda fəaliyyət göstərən işğalçı rejim və korpus həmin faşist erməni batalyonunun yolu ilə gedir. Etnik təmizləmələr aparır, Azərbaycan torpaqlarında oyuncaq bir dövlət qurub və bu oyuncaq dövlətdə ermənilərdən savayı heç kəs yaşamır. Yəni, burada monoetnik nasist rejim qurulub". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə Ermənistanın siyasi rəhbərliyinin faşizmə dəstək olmuş nümayəndələri təbliğ etməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanın tarixi həmişə qaranlıq olub, çünki, burada çoxlu uyğunsuzluqlar var: "Bunun baris nümunəsi də son epizoddur. Nikol Paşinyanın babası ilə bağlı məlumatlar. Paşinyan iddia edir ki, onun babası Sovet ordusunda xidmət edib və 1943-cü ildə həlak olub. Lakin, bu iddialarla bağlı dəlillər mövcud deyil. Bu şəxs 40-cı illərin əvvəllərindən etibarən 1943-cü ilə qədər müharibədə iştirak edib. Bu 3 il ərzində heç olmasa o hansısa bir medal və ya ordenlə təltif edilməli idi. Bir çox hallarda uzun müddət müharibədə iştirak edən əsgərlər və zabitlər Sovet İttifaqının orden və medalları ilə təltif olunub. Lakin, bu şəxslə bağlı belə bir məlumat yoxdur. Əgər orden və medalla təltif olunsa idi, arxivlərdə bununla bağlı qeydiyyat aparılardı. Əgər, o Sovet ordusunda xidmət etsə idi, bu da qeyd olunmalı idi hansı orduda, hansı cəbhənin tərkibində xidmət edib. Eyni zamanda qeyd olunardı ki, hansı hadisələr onun həlak olması ilə nəticələnib. Bütün hallarda belə qeydiyyatlar Sovet ordusunda aparılırdı. Bu şəxslə bağlı bu cür qeydiyyatlar aşkar olunmayıb. Lakin, bu şəxs haqqında başqa bir informasiya mövcuddur ki, Paşinyanın həm kəndçisi olan, eyni ad və soyadı daşıyan bir şəxs həqiqətən də həmin illərdə xidmət edib lakin, bu adam faşistlərlə əməkdaşlıq edib. Alman ordusunun erməni legionunda xidmət edib. Çox güman ki, burada eyni adamdan söhbət gedir".

Ekpert qeyd edib ki, Ermənistanın kütləvi informasiya vasitələri özləri buna işarə edirlər ki, eyni adamdan söhbət gedir və bu adam Paşinyanın babasıdır, hansı ki, almanların erməni legionunda xidmət göstərib: "Bu da əslində təsadüfi deyil, əslində, Ermənistanın indiki rəhbərləri həmin bu legionun başında dayanan Njde və sairlərinin fəaliyyətini ört-basdir edirlər. Onları qəhrəmanlaşdırmaq istəyirlər. Güya ki, onların fəaliyyəti Ermənistan xalqının xeyrinə görülən bir fəaliyyətdir. Halbuki hamı çox gözəl başa düşür ki, onlar faşistlərlə əməkdaşlıq ediblər. Yeri gəlmişkən Njdenin özü vaxtında Sovet Prokurorluğu tərəfindən ona qaldırılan cinayət işi əsasında həbs olunmuşdu. Uzun illər həbsxanada cəzasını çəkmiş və burada da ölmüşdür. Rusiya dövlət prokuraturasında bununla bağlı istintaq sənədləri var. İstintaq vaxtı Njdenin bütün bu dırnaqarası "qəhrəmanlıqları" isbat olunmuşdur.

O faşistlərlə əlbir olub işğal olunmuş Sovet ərazisində terror işləri ilə məşğul olub. Dinc insanları, xüsusilə də yəhudiləri amansızlıqla qətlə yetirirdi və faşistlərlə əməkdaşlığına davam edirdi".

İlqar Vəlizadə əlavə edib ki, indiki erməni rəhbərliyi də demək olar ki, Njdenin yolu ilə gedir və onlar da işğal siyasətini davam etdirirlər:

"Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə Paşinyanın babasının xidmət etdiyi batalyonun ideyalarını və onun əməlləri indi də yaşayır. Dağlıq Qarabağda fəaliyyət göstərən işğalçı rejim və işğalçı korpus həmin faşist erməni batalyonunun yolu ilə gedir. Etnik təmizləmələr aparır, Azərbaycan torpaqlarında oyuncaq bir dövlət qurub və bu oyuncaq dövlətdə ermənilərdən savayı heç kəs yaşamır. Yəni, burada monoetnik nasist rejim qurulub. Bu, Ermənistan siyasətinin mahiyyəti idi. Bu mahiyyət təəssüflər olsun ki, faşizm ideologiyasına köklənir və faşist erməni legionunun ənənələrini daşıyır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə