Şahlar Əsgərov: “Bir halda ki, təhsil dövlətin prioritet sahəsidir, o zaman bu sahədə çalışan adamlar dövlət qulluqçusu kimi qiymətləndirilməlidir” (MÜSAHİBƏ) SƏS TV
Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Şahlar Əsgərovun SİA-ya müsahibəsi:
- Ölkə başçısının təhsil və səhiyyə işçilərinin xüsusi dövlət siyahısında yer alması barədə sərəncamını bu kateqoriyadan olan insanların sosial, iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına göstərilən diqqət kimi qiymətləndirmək olar?
- Mən güman edirəm ki, bu həm mənəvi, həm də maddi baxımdan böyük əhəmiyyətə malik bir sərəncamdır. Sözün əsl mənasında bu təhsil işçilərinə göstərilən böyük qayğıdır. Çünki bütün dövlətlərdə və Azərbaycanda məhz təhsil prioritet sahə elan olunub. Bir halda ki, təhsil bizim, dövlətin prioritet sahəsidir, o zaman bu sahədə çalışan adamlar hökmən dövlət qulluqçusu kimi qiymətləndirilməlidirlər. Bu səbəbdən bu sərəncamı mən alqışlayıram və dəyərli sərəncam hesab edirəm. İnanıram ki, bu addım bütün təhsil işçilərinin sevincinə səbəb olub.
- Bəzən təhsilin bizim gələcəyimizin təminatçısı olduğu deyilir. Bu gün Azərbaycan təhsilindəki vəziyyət bu təminatı yarada bilirmi?
- Təhsil sahəsi prioritet sahə olduğuna görə qədim dövrdən bu sahəyə böyük diqqət yetirilir. Hələ 2500 il bundan qabaq Çin filosofu Konfutsinin bir aforizmi bu günə qədər yaşayır. O deyib ki, bir illik planın varsa, taxıl ək, əgər on illik planın varsa ağac ək, bağ sal, əgər yüz illik planın varsa, o zaman insanlara təhsil ver. 2500 il bundan qabaq deyilən söz öz qüvvətini bu gün də saxlayır. Ona görə də heç bir millət öz təhsilindən razı qalmamalıdır. Öz təhsilindən razı qalan millət inkişafından geri qalar. Ona görə də biz təhsilə hər zaman diqqət yetirməli, onun uğurlu nöqtələrini tərifləməli, mənfi nöqtələrini isə hökmən tənqid etməliyik. Çünki əks halda təhsili inkişaf etdirmək olmaz. Hökmən biz qüsurları görməli və onları təhsil sistemindən yox etməliyik.
- Azərbaycan təhsil sisteminin qurucusu ulu öndər Heydər Əliyevin 88-ci ildönümü ərəfəsindəyik. Heydər Əliyev fonomeni haqqında nə deyə bilərsiniz?
- Heydər Əliyev fonomeni haqqında çox demişəm, çox yazmışam. Heydər Əliyevin Azərbaycan təhsilinə qayğısı çox böyük olub. O həm birinci, həm də ikinci hakimiyyəti dövründə təhsilə böyük önəm verib. Birinci hakimiyyəti dövründə bəşəriyyətin, dünyanın inkişafının gedişini düzgün müəyyənləşdirərək Azərbaycan gənclərinin bir hissəsini hər il xaricdə, ölkədən kənarda oxumağa göndərdi. Hər il təxminən 900 gənc xarici ölkəyə təhsil almaq üçün göndərilirdi. Bu uzun illər davam etdi. Maraqlıdır ki, ulu öndər həmin gəncləri özünün şah əsəri sayırdı. İkinci hakimiyyəti dövründə ümummilli liderin təhsilə münasibəti o olub ki, o həmişə deyib "mən müəllimlərin qarşısında baş əyirəm". Ulu öndər hələ heç bir sahə insanları qarşısında bu sözü deməyib. Amma müəllimlər qarşısında deyib. İkincisi, təhsilin cəmiyyətdə rolunu insanlara ictimai şüurla yeritmək üçün o gözəl bir kəlam işlədib. "Bizim dövlətin gələcəyi gənclərə nəyi necə öyrətməyimizdən asılıdır". Ulu öndər Heydər Əliyev bununla bütün təhsil və Azərbaycan ictimaiyyətinə başa saldı ki, sovet dövləti yoxdur, yeni quruluş qurulur, ona görə də təhsilin məzmunu dəyişməlidir. Həm məzmunu, həm də təhsilin aparılma metodikası dəyişməlidir. Bu hamısı onu göstərir ki, ulu öndər təhsilə xüsusi diqqət göstərirdi. Bunu siyasi partiyanın idarə heyətinin üzvü, həm də müəllim kimi hiss edirdim.
- Ulu öndərin prinsipi ölkə prezidenti İlham Əliyevin simasında layiqincə davam etdirilirmi?
- Ulu öndər Heydər Əliyevin dövründəki Azərbaycan hazırki prezidentimiz İlham Əliyevin dövründəki Azərbaycan deyil, çox dəyişilib, yaxşı mənada parametrləri də müxtəlifdir. Hazırki prezidentimiz dövründə təhsilə qayğı xüsusilə məktəb tikintisində, məktəblərin texniki təminatında böyük miqyas aldı. Bunlar göz qabağındadır. İndi hansı məktəbə gedirsənsə, orada məktəb şəhərin, kəndin abad guşəsinə çevrilib. Bu həqiqətən belədir. Mən 2003-cü ildə "Təhsilimiz dünən bu gün və sabah adlı" kitab yazmışdım və orada belə bir cümlə işlətmişdim ki, mən arzu edərdim ki, məktəblər abad yer olsun. Mənim o vaxtki arzum bu gün yerinə yetirilib. Lakin bununla bağlı təhsildə qüsurlar da çoxdur. Mən arzu edərdim ki, ölkə başçımız həmin qüsurların aradan qaldırılması istiqamətində göstərişlərini versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB