DOSYE: Sənan Surət oğlu Talıbov, 1963-cü ildə Xızı rayonunun Baxşılı kəndində anadan olub. Ali təhsilini Bakı şəhərində alıb. Bakı AZELEKTROTERM istehsalat Birliyinin Nərimanov rayonundakı zavodunda əmək fəaliyyətinə başlayıb.
1992-ci ildə AXC-Müsavat cütlüyünün yarıtmaz hakimiyyəti dövründə rəis müavini işləyib. 29 yaşlı gənc anlayıb ki, xalqımızın, dövlətimizin dahi şəxsiyyət, uzaqgörən insan Heydər Əliyevə böyük ehtiyacı var. Bu məqsədlə Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının qurulmasında, inkişafında zavod gənclərinin və ziyalılarının, mühəndis heyətinin iştirakı ilə tədbirlər keçirərək, xalqımızın qurtuluş, nicat yolunun Heydər Əliyevlə birgə addımlamaqda olduğunu bildirərək bütün çıxışlarında məhz bu tezisləri önə çəkib. Fəallıq göstərərək 1993-cü ilin iyun ayından YAP-ın inkişafı üçün bütün bilik və bacarığını ortaya qoyub.
Sənan Talıbov xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərin müasir müstəqil dövlətimizin qurulmasının şahidi və iştirakçısı olub. 2004-cü il mart ayından 2012-ci ilədək Xızı rayon mədəniyyət şöbəsinin müdiri işləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığı üçün bütün gücünü səfərbər edib. Həmişə inanıb ki, Heydər Əliyev ideyalarına söykənərək müstəqil Azərbaycanımız əbədi, sarsılmaz və dönməz olacaqdır. 2014-cü ildən bu günə qədər Azərbaycan Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində şöbə müdiri olaraq mədəni irsimizin inkişafı və qorunması yolunda çalışır.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Tarixin çətin sınağı qarşısında qalan bir xalqı həmin sınaqdan alnıaçıq çıxara biləcək ən vacib amil o xalqın həmin şəraitdə nə qədər müdrik qərar qəbul etməsidir. 1993-cü ilin iyun günlərində, yəni, Azərbaycan xalqı taleyinin ən çətin, ağır dönəmində, yenicə bərpa edilmiş müstəqilliyimizin müqəddəratının həll olunduğu bir vaxtda son dərəcə düzgün qərar qəbul etdi: dünya şöhrətli siyasi xadimi - Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etdi.

27 il bundan öncə ulu öndər Heydər Əliyevin titanik siyasi kursu ətrafında sıx birləşən və Milli Qurtuluşa, dövlət müstəqilliyinin xilasına nail olan Azərbaycan xalqı sosial firavanlığa, xoşbəxt gələcəyə aparan davamlı inkişaf yoluna səfərbər olundu. Məhz 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyimizin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və digər nailiyyətlər silsiləsi məhz dahi rəhbər Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışından başlanır.
İndiki nəsillər, haqlı olaraq, Heydər Əliyevi müasir Azərbaycan dövlətinin memarı və qurucusu hesab edirlər. Böyük öndərimiz azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. Bu, çoxminilliik dövlətçilik tariximizdə xüsusi bir hadisədir. Heydər Əliyev, həm də siyasi idarəetmədə öz üslubunu yaratmış yenilikçi rəhbər idi. Onun bu istedad və qabiliyyəti Azərbaycana rəhbərliyinin hər iki dövründə, eləcə də nəhəng sovet dövlətinin ali rəhbərlərindən biri olduğu illərdə həmişə özünü parlaq şəkildə göstərirdi.
Bütövlükdə isə Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən ideya və əməlləri strateji və taktiki mükəmməlliyi, əhatəliyi və ardıcıllığı ilə seçilirdi. O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi.
Heydər Əliyevin çoxillik fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri o qədər zəngindir ki, bu nəhəng ideya-siyasi irsi sonadək araşdırmaq bir nəslin görüb qurtaracağı iş deyil. Zaman keçdikcə hər nəsil bu tükənməz xəzinəyə öz tələbatı və meyarları baxımından yanaşacaq, özünə gərəkli pay götürəcək. Doğrudan da, illər keçdikcə biz ümummilli liderimizin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin seçdiyi taktika belə bir məqsədə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, sovet imperiyası daxilindəki mövqeyini gücləndirməklə onu elə səviyyəyə qaldırmaq lazımdır ki, bu yüksəliş respublikanı dünyaya tanıdan, onun milli-etnik mövcudluğundan xəbər verən təsirli amilə çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə ötən əsrin 60-70-ci illərində respublika daxilində milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu. Ulu öndər Azərbaycanı sovetlər birliyində yaxşı tanınan bir respublikaya çevirdi.

Öz xalqının maraqlarına dərindən bağlı olan Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. O yaxşı bilirdi ki, milli varlığını qorumağı bacaran, ictimai şüur baxımından mütəşəkkil olan bir millət gec-tez özünəməxsus dövlətini quracaq. Uzaqgörən rəhbərin o zamankı milli yönlü siyasəti də daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi. Məhz buna görə 1980-ci illərin sonlarında ümumxalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, nümayiş etdirilən mütəşəkkillik Heydər Əliyevin sayəsində əldə edilib.
Lakin 1990-cı illərin əvvəlində müəyyən qüvvələr Azərbaycan xalqının ümummilli lideri haqqında çirkin təbliğat aparırdılar. Eyni zamanda, Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını da inkar edə bilmirdilər. Hamı bilirdi ki, Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə geniş quruculuq işləri ilə məşğul olub, milli maraqların keşiyində dayanıb.
Ulu öndər Heydər Əliyev isə bu ziddiyyətli münasibətə baxmayaraq, öz həqiqətinin ardınca gedirdi. O yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Sovet imperiyasının çöküşü və müstəqillik epoxasının başlanması nə qədər yeni olsa da, aydın baxışlı siyasətçi olan Heydər Əliyev əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Onun əvvəllər gerçəkləşdirdiyi böyük işlər, planlar, proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz, xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramını həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi.
Bəşəriyyətin inkişafına öz layiqli töhfəsini verən, böyük və zəngin tarixə malik olan xalqımız ötən əsrin son onilliyində müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, yerli və ittifaq miqyasında olan müəssisələr arasında mövcud əlaqələrin qırılması, ölkənin iqtisadi, siyasi, informasiya blokadasına alınması nəticəsində 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmış, əhalinin pul gəliri azalmışdı.
Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı.
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı "Əsrin müqaviləsi" milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına geniş imkanlar açmışdır. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görürük. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı inkişaf etmiş, Qərb ölkələri ilə daha sıx birləşdirir. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümummilli liderimizin çox böyük xidmətlərindəndir.
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Heydər Əliyevin hələ 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Bu təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.
Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.
Heydər Əliyev qürur hissi ilə deyərdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam...". Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.
Ümummilli liderimiz öyrədirdi ki, mədəniyyət özündə əməkdaşlıq, müxtəlif sivilizasiyalara qarşılıqlı hörmət, mehriban qonşuluq, müxtəlif xalqlara ehtiram kimi prinsipləri ehtiva edir. Dahi rəhbər deyirdi: “Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”.
Azərbaycan mədəniyyəti və incəsənəti zəngindir, çoxçalarlıdır. Mədəniyyət dedikdə muzeylərimiz, kitabxanalarımız, ədəbiyyatımız, folklorumuz, ana dilimiz, muğamımız, kinomuz, teatr sənətimiz, tarixi abidələrimiz, xalça sənətimiz, memarlığımız, təsviri incəsənətimiz, monumental heykəltəraşlığımız, miniatür sənətimiz və başqa sahələr göz önündə canlanır. Bu sahələrdən hər hansı biri haqqında danışanda Ulu Öndərin misilsiz xidmətlərini görürük. Milli və ümumbəşəri mədəniyyəti çox dərindən bilən xalqımızın böyük oğlu Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərmişdir.

Azərbaycan mədəniyyəti tariximizin heç bir mərhələsində Ümummilli Liderin zamanında olduğu qədər yüksək qiymətləndirilməmişdir. “Kitabi-Dədə Qorqud” eposu, Xaqani, Nizami dühası, Füzuli dünyası, Əcəmi Naxçıvani sənəti, Gəmiqaya rəsmləri, Qobustan, İçərişəhər, Atəşgah, Əshabi-Kəhf abidə kompleksləri, Nəsimi, Vaqif, Cavid, Mirzə Cəlil, Müşfiq, Səməd Vurğun, Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Məmməd Araz ədəbi-bədii düşüncəsi, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyovun rəng düzümü, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tofiq Quliyev, Müslüm Maqomayev, Arif Məlikovun musiqi dünyası, bir sözlə, bütün bu dəyərli xəzinə ulu öndərimiz tərəfindən yüksək qiymətləndirilmiş və daim onun diqqət mərkəzində olmuşdur. Ulu öndərin böyük sənətkarlara qayğısı və məhəbbəti Azərbaycana, Vətəninə sonsuz sevgisindən qaynaqlanırdı. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə onun təqdimatı ilə böyük sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Ümummilli lider Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün böyük işlər görürdü. Ulu öndərimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı və diqqət göstərirdi. Onun sərəncamı ilə 24 nəfər bəstəkar və musiqişünasa Prezident təqaüdü verilmiş, onların bir çoxu “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişlər.

Eyni zamanda, Heydər Əliyev Fondu bu gün Azərbaycanın mədəniyyətinin, təhsilinin, sosial işinin aparıcı qüvvəsi kimi çıxış edir. Fondun rəhbəri Mehriban xanım Əliyeva həm də ölkəmizin Birinci vitse-prezidentidir. Son illər onun rəhbərlik etdiyi layihələr nə qədər böyük uğurla həyata keçirilir və dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan xalqı Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətini əyani olaraq görür, öz həyatında hiss edir. Xalqımız bu gün Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban xanım Əliyevaya göstərdiyi münasibət vasitəsilə Ulu Öndər Heydər Əliyevin adını daim öz yaddaşında uca saxlayır, Onu dərin ehtiramla yad edir.

Ümummilli liderimiz HeydərƏliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İiham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qlobaliaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB