XX əsrin görkəmli şəxsiyyətlərinin heç də hər birinə XXI yüzillikdə böyüklük zirvəsində qalmaq nəsib olmamışdır. Ancaq dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri onun cismən yoxluğunda da xalqımız tərəfindən qürur hissi ilə xatırlanır. Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. O, Azərbaycan xalqının milli sərvətidir.
Bu gün Ulu Öndərimiz haqqında yüzlərlə məqalələr yazılır, kitablar nəşr olunur. Lakin o kitablarda Heydər Əliyevin səciyyəvi cəhətlərinin tam açılmasına, istedadının, parlaq şəxsiyyətinin sonadək işıqlandırılmasına müvəffəq olunmayıb. Ulu Öndərimizin dolğun sayıla biləcək siyasi portretini yaratmaq ən azı ona görə asan deyil ki, bu, bütöv bir epoxanı təsvir etmək cəhdi misalındadır. Bu isə olduqca mürəkkəb məsələdir.
Hər kəsə məlumdur ki,əsl rəhbərin, prinsipial siyasətçinin həyatında nəinki dostları, bədxahları da olur. Heydər Əliyevin ömür kitabında bütün bunlar bolluca idi - sürətli yüksəlişlər də, böyük uğurlar da, bədxahların, rəqiblərin paxıllığı, xəyanətkarlığı, qatı düşmənçiliyi də... Ancaq hər şeyə rəğmən Heydər Əliyev siyasi Olimp zirvəsinə ucalmağı, zəfər qazanmağı, Azərbaycan xalqının unudulmaz ölməz liderinə çevrilməyi bacardı. Heydər Əliyev haqqında yazılan kitabları oxuyanda sanki eyni anda müxtəlif insanların həyatına nəzər salırsan. Ağılagəlməz faktların, hadisələrin bir insan ömrünə sığması inanılmazdır. Ümumlilli liderimizin özü kimi ölçüyə gəlməyən ziddiyyətli, parlaq XX əsri güzgü kimi özündə əks etdirmiş taleyi nəinki indiki dövrün insanlarının marağında, hətta gələcək nəsillərin də maraq dairəsini əhatə edəcəyindən əminik.
İndiki nəsillər, haqlı olaraq, Heydər Əliyevi müasir Azərbaycan dövlətinin memarı və qurucusu hesab edirlər. Böyük Öndərimiz Azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. Doğrudan da, illər keçdikcə biz ümummilli liderimizin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq. O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi. Heydər Əliyev Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyət Heydər Əliyevin xalqımızın bütün maddi və mənəvi həyat sferasına gətirdiyi zənginliklər ölçüyəgəlməzdir. Dahi şəxsiyyət Heydər Əliyevin taleyi millətin taleyi, xalqın taleyi idi. Azərbaycanın taleyi isə Heydər Əliyevin taleyi idi. O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi.
“Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək halda nümayiş etdirdi. Heydər Əliyev nəinki respublikamızın, həm də bütün Qafqazın təəssübünü çəkər, ona hər zaman qayğı ilə yanaşardı. Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən ulu öndərin bu sözləri də xalqımızın yaddaşında əbədi qalacaqdır. "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Onun dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. Ulu yaradan ümummilli liderimizə çox şey vermişdir - fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, və tarix yaratmaq bacarığı. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır.
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə də ümummilli liderimizə olan dərin hörmətimizi nümayiş etdirir, onun müqəddəs ruhu qarşısında mənəvi borcumuzu ödəyir və Heydər Əliyev ideyalarına sonsuz sədaqətimizi, sevgimizi ifadə edirik. Allah rəhmət eləsin!
Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB