Ümummilli lider Heydər Əliyev və Azərbaycanın intibah salnaməsi

Ümummilli lider Heydər Əliyev və Azərbaycanın intibah salnaməsi

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycanın dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılmış, müstəqil Azərbaycan dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiya sayəsində Azərbaycanın siyasi və iqtisadi inkişafının əsasları yaradılmışdır. Onun əsas qayəsi ölkəmizi ittifaq miqyasında əsas respublikalardan birinə çevirmək, həyata keçirilən inkişaf proqramlarını insanların sosial həyatına, iş yerlərinin və sənaye komplekslərinin yaradılmasına, təhsilə, səhiyyəyə, elm, mədəniyyət, incəsənət, idman sahələrinin dirçəlişinə nail olmaq idi. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, Azərbaycan sovet respublikaları arasında xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevrildi, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı, istehsalla bilavasitə bağlı olan elmi‐tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan SSRİ‐də qabaqcıl mövqeyə yiyələndi, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşdı.

1969‐1982‐ci illərdə respublikamızın iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri baş verdi. Ulu öndərin rəhbərliyi sənaye sahəsində dərin islahatlar aparmaqla respublikamızda sənayeləşmənin əsası qoyuldu. Sənaye iqtisadiyyatın əsas güc mərkəzinə çevrildi. Həyata keçirilən məqsədli dövlət proqramlarının icrası nəticəsində təkcə Azərbaycan üçün deyil, ittifaq respublikaları və xarici ölkələr üçün strateji əhəmiyyət kəsb edən iri sənaye obyektləri, Dərin Özüllər Zavodu, Bakı Məişət Kondisionerləri Zavodu, Cənubi Qafqazın ən iri poladtökmə zavodu, Gəncədə əlvan metallar zavodu, Әlətdə ağac emalı kombinatı, Naxçıvanda və Sumqayıtda şüşə zavodu və digər güclü sənaye müəssisələri yaradılaraq istifadəyə verildi. Әgər 1969‐cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Әliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə ‐ cəmi 14 il ərzində onların sayı 1048‐ə çatmışdı. O dövrdə Azərbaycanın sənaye müəssisələrində istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Bu, SSRİ miqyasında ən böyük iqtisadi hadisə idi. Respublikamızda neft maşınqayırması və neftayırma sənayesinin yenidən qurulması həyata keçirildi ki, bu da müstəqillik dövründə yeni neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynadı. Azərbayca nın neftmaşınqayırma sənayesinin yeni sahələri yaradıldı. Bunun nəticəsində 1975‐ci ildə respublikada ümumi neft və qaz hasilatının həcmi 3 dəfəyə yaxın artaraq 27,1 milyon tona çatdı.

1982-ci il dekabrın ilk günlərində Azərbaycan və keçmiş SSRİ-nin siyasi tarixində mühüm əlamətdar hadisənin əsası qoyuldu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Heydər Əliyev həmişə qurub-yaratmaq, inkişaf etdirmək amalı ilə çalışmış və hansı vəzifədə olmasından asılı olmayaraq dövlət işlərinə sədaqətlə xidmət etmişdir. Onun təşəbbüskarlığı və gərgin əməyinin məhsulu olan Baykal-Amur magistralı, dəmir yolları, körpülər, yol və geniş miqyaslı nəqliyyat qovşaqları, infrastruktur layihələri, mühüm strateji dövlət obyektləri tikilib istifadəyə verilmişdir. Ulu öndərin SSRİ hökumətinin rəhbərlərindən biri kimi nəzarətində 12 nazirlik cəmləşmişdi: Maşınqayırma, ticarət, yüngül sənaye ( təkcə bu sahədə 3 milyon insan çalışırsdı, 3700 müəssisə fəaliyyət göstərirdi), rabitə, nəqliyyat, mədəniyyət, təhsil sahələri Heydər Əliyevin tükənməz enerjisi və çalışqanlığı sayəsində sıçrayışlı inkişaf etmişdir. Heydər Əliyev 1984-cü ildən sovet məktəbinin islahat komissiyasına rəhbərlik etmiş, 1986-cı ildə isə sosial inkişaf üzrə SSRİ Nazirlər Sovetinin Bürosunun sədri vəzifəsini icra etmişdir. Keçmiş sovet hökumətinin iqtisadiyyatında geniş miqyaslı layihələrin reallaşmasında fəal iştirak etmiş Ulu öndərimiz Nazirlər Sovetinin Operativ məsələlər üzrə komissiyasının sədri kimi mühüm dövlət məsələlərinin icracına rəhbərlik etmişdir.

Müstəqil Azərbaycanın banisi, milli inkişafın yaradıcısı

Müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü olmuşdur. Müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%‐nin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurd‐yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. 1991‐1994‐cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985‐ci ilə nisbətən sənaye istehsalının həcmi 1993‐cü ildə 50%‐ə qədər azalmışdı. 1991‐ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə artaraq, 1994‐cü ildə 1764 %‐ə çatmış, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 13%‐ə qədər olmuş, 1992‐1994‐cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmışdır.

Yalnız Ümummilli Liderimiz Heydər Әliyev xalqın yekdil çağırışı ilə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda sabitlik təmin edildi, inkişafın bünövrəsi qoyuldu, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Azərbaycan Ulu öndərin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində parçalanma təhlükəsindən xilas olaraq yeni bir inkişaf dövrünə qədəm qoydu.

1994‐cü ildə dünyanın aparıcı neft şirkətləri ilə “Әsrin müqaviləsi"nin imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Neft müqavilələrinin imzalanması nəticəsində xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi təmin olundu, Azərbaycanın beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşularaq dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdi. 1995-2003-ci illərdə iqtisadiyyatın əsas güc mənbəyi olan enerji resurslarının dünya bazarlarına çıxarılması və yüksək neft gəlirlərinin əldə olunması iqtisadi inkişafı təmin etdi.

Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu məqsədlə müəyyənləşdirilən ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə müxtəlif xarici qüvvələrin təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə, Ulu öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.

İlham Əliyev Azərbaycanı iqtisadi yüksəliş və sosial tərəqqi mərhələsinə çatdırıb

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm inkişaf salnaməsi Onun siyasi varisi, yeni güclü lider İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın inkişaf piramidasının yeni obrazını yaratdı. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 17 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir. Ötən illər ərzində ölkəmiz sürətli iqtisadi tərəqqiyə çatıb, dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib, ölkəmizin hər bir vətəndaşı layiqli və ləyaqətli sosial həyat, şəraitlə təmin olunuşdur. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən demokratik, hüquqi, dünyəvi dövlətin quruculuğu istiqamətində yorulmaq bilmədən inamla, inadla çalışmış, hər bir vətəndaşın rəhbəri olmaq üçün diqqət və qayğısını əsirgəməmiş, ölkəmizdə möhkəm tolerantlıq mühiti yaratmış, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsini təmin etmişdir.

YAP Sədri, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin “XXI əsrin layihəsi” adlandırdığı “Cənub qaz dəhlizi” layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevrilməkdədir. Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanılması və istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı enerji-nəqliyyat sahəsində uğur dastanının şanlı səhifələridir. Mehriban Əliyeva: dövlətə və xalqa xidmət nümunəsi

Ölkəmizdə sosial-mədəni və humanitar layihələrin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyeva da müstəsna xidmətləri ilə seçilir. Belə ki Ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçılarından biri kimi Mehriban xanımın xidmətləri xalqımız tərəfindən yüksək dəyərləndirilir. Mənz onun rəhbərliyi ilə Ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirməklə yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir, xalqımızın humanist dəyərlərini beynəlxalq aləmdə yetərincə təbliğ edir.

Qeyd etmək lazımdır ki, Fond fəaliyyətini nəinki ölkəmizdə, ölkəmizdən kənarda da yetərincə davam etdirir. Çünki Fondun fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib və qısa müddətdə bu sahədə böyük böyük layihələr həyata keçirib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib. Bununla yanaşı Fond xarici ölkələrdəki mədəniyyət abidələrinin də bərpası prosesində yaxından iştirak edir. Fond tərəfindən Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək göstərilib. Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini kimi fəaliyyəti də Azərbaycanın siyasi həyatında mühüm mərhələ kimi xarakteriz edilə bilər. Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın hakim partiyanın Sədr müavini seçilməsi cəmiyyət tərəfindən böyük rəğbət və sevinclə qarşılandı. İctimaiyyət partiya strukturunda dəyişiklik hakim partiya üçün böyük bir hadisə kimi dəyərləndirdi. Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər tanınan, müsbət imicə malik olan, ölkəmizin dünyada tanınması üçün böyük işlər görən Mehriban xanım Əliyevanın YAP Sədrinin müavini seçilməsi partiyanın nüfuzunun artmasına, həmçinin partiyanın başqa ölkələrdə daha yüksək səviyyədə əlaqələrin qurulması baxımından güclü zəmin oldu.

2017-ci ilin fevralın 21-də Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli islahatların daha da genişlənməsinə, ölkəmizin müasir iqtisadi-sosial həyatında mühüm mərhələnin başlanmasına səbəb oldu. Sosial proqramların əhatəliliyi və səmərəliliyi yüksəldi. Mehriban xanımın xüsusi diqqət və qayğısı sayəsində məcburi köçkünlərə, Qarabağ müharibəsi iştirakçılarına qayğı yüksəldi . Mehriban xanım Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəst-xəttini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələrini verməkdədir. Birinci vitse-prezidentin regionlara səfərləri dövlətin vətəndaşlara olan humanizminin, səmimiyətinin, yüksək diqqət və qayğısının ifadəsi kimi yadda qalır. Onu hər bölgədə, şəhər və rayonda böyük coşğu, sevinc hissi və məhəbbətlə qarşılayırlar. Azərbaycanın Birinci vitse-prezidenti fəaliyyətinin cəmi 2 ili ərzində çoxsaylı müvəffəqiyyətlərə nail olubdur. Ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına öz töhfəmisini verməkdədir.

Yeni islahatlar kursu: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri

Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət verildi. Dünya Bankının 2019-cu və 2020-ci illərə dair “Doing Business ” hesabatlarında Azərbaycanın dünyada ən islahatçı ölkələrdən biri elan edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatları 2020-ci ilin əvvəllərindən yeni bir mərhələyə keçid alıb. İdarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdən ibarət olan bu islahatlar Azərbaycanın intibahını dərinləşdirməkdədir. Bu gün pandemiya səbəbindən dünyanı bürüyən qlobal böhran dünya iqtisadiyyatına da ağır zərbələr vurmaqdadır. Beynəlxalq təşkilatların qənaətinə görə, hazırda yaşanan ağır iqtisadi böhran 2008-2009-ci illərin böhranından da sarsıdıcıdır. Qlobal böhran Azərbaycan iqtisadiyyatına və insanların gündəlik sosial-iqtisadi həyatına da təsirlər göstərsə də, Prezident İlham Əliyevin uzaqgörən düşünülmüş siyasəti sayəsində ölkəmiz bu böhrana qarşı öz mükəmməl proqramını ortaya qoyaraq zərərlərin həm ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, həm də məşğulluğa və sosial sahələrə təsirlərini minimallaşdırmaqdadır. Azərbaycan hökumətinin həyata keçirdiyi dəstək proqramları həm mövcud qlobal təsirlərin qarşısını alır, həm də postpandemiya dövründə dayanıqlı inkişaf üçün güclü zəmin yaradır.

Aydın Hüseynov,

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə