Korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir ŞƏRH
Prezident İlham Əliyev: “Kasıbın malına, ərzaq payına göz dikən xaindir"
Son vaxtlar cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də korrupsiyaya, rüşvətxorluğa bulaşan, müxtəlif əliəyriliklərə yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən bəzi icra başçılarının, məmurların həbs olunmasıdır. Bu da təbiidir. Çünki vətəndaşlarımızın əksəriyyətinin gündəlik həyatı, cari işləri bu və ya digər şəkildə icra hakimiyyətləri, müxtəlif rəsmi qurumlarla əlaqəlidir. Onların necə fəaliyyət göstərməsi hər bir vətəndaşımızın yaşam tərzində özünü ehtiva edir. Və vətəndaşlar Prezident İlham Əliyevin hər zaman qanunlara zidd addımlar atan, dövlətin və vətəndaşların deyil ancaq öz şəxsi mənafelərini güdən icra başçılarına, məmurlara qarşı sərt tədbirlər görməklə yanaşı, bu məsələ ilə bağlı dəfələrlə fikirlərini bildirib, məmurlara açıq mesajlar verib, ciddi xəbərdarlıq edib. Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən dövlət başçısı böyük bir təəssüf hissi ilə bildirdi ki, ”əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.
Və bu həqiqət də həmin məmurlara dərs olmadı. Çünki dövlət başçısı hər bir icra başçısı vəzifəyə təyin olunanda cənab Prezidentin ona əsas tapşırığı bu olur ki, “get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə”.
Lakin nəticədə nə baş verir? İcra başçılarının bəziləri Prezidentin onlara verdiyi tapşırığı unudur və yerlərdə özlərini xan kimi, padşah kimi aparmağa başlayırlar, dərəbəylik edirlər, rüşvətxorluq bu adamlar üçün əsas prinsipə çevrilir. Onların bəzilərinin məsuliyyətsizliyi və insafsızlığı hətta o dərəcəyə çatır ki, bu gün bu ağır karantin dövründə dövlətin imkansız, işsiz vətəndaşlara verdiyi yardımları da, fəhlələrə nəzərdə tutulmuş maaşı da öz ciblərinə qoymağa, ictimai təşkilatların və Heydər Əliyev Fondunun imkansız ailələrə göndərdiyi ərzağı da oğurlamağa, mənimsəməyə çalışırlar. Özbaşınalıq, nəzarətsizlik və korrupsiya halları bir çox sıravi insanlarımızı dövlət tərəfindən verilən yardımlardan faktiki olaraq məhrum edir. Və yaxud da ki, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Əlbəttə, bu kimi neqativ halların siyahısını uzatmaq da olar. Ölkə başçısı da son çıxışında bunları detalları ilə qeyd etdi. Bəs bütün bunlara nə ad vermək olar?
"Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq"
Bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışından sonra tibb işçiləri ilə görüşü zamanı çıxışında deyib. Prezident İlham Əliyev qeyd edib ki, həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər: "Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir. Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər. Bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar. Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq".
"Bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır"
Dövlət başçısı, həmçinin bildirdi ki, pandemiya qarşısında hamı bərabərdir: "Nəyə görə kimsə özü üçün hansısa xüsusi imtiyaz yaratmaq istəyir. Buna gəldikdə də bildirməliyəm, pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır. Ona görə heç kimə heç bir imtiyaz verilməyəcək. Odur ki, karantin rejimini pozan, vaxtını hansısa iaşə obyektində keçirmək istəyən adamlara qarşı da, - onlar müəyyən olunduqda, - ciddi cəza tədbirləri görülür, tətbiq olunur, o cümlədən vəzifəli şəxslərə qarşı. Karantin rejimini pozduqlarına görə artıq bir neçəsi cəzalandırıldı».
"Əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük"
Prezident belə bir vəziyyətdə məmurların kasıb malına göz tikməsin vicdansızlıq, xəyanət adlandırdı: "Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır. Eyni zamanda, indiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir. Son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir. Son həbslər də onu göstərir. O icra başçılarının, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxıb, yüzlərlə. Mənə verilən məlumata görə, son tutulan icra başçısının iş otağından 140 ödəmə kartı çıxıb. Bu, nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk. Əvvəl də verirdik. Biz ildə otuz min, qırx min belə adamı ictimai işlərə cəlb edirdik - hansısa binanın rənglənməsi, yaxud da ki, onların bağçaya xidmət etməsi və digər işlərə. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar, bu gün 250 manat. Amma onlara çatacaq kartlar icra başçıları tərəfindən götürülür, sonra o pullar mənimsənilir. Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq. Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir. Bir daha demək istəyirəm ki, bu addımları atanlar, bu cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar".
Göründüyü kimi, şübhəsiz ki, bu hərəkətlər həm cinayətdir, həm də böyük vicdansızlıqdır, mənəviyyatsızlıq, xəyanətdir. Və onların hər birinin öz layiqli cəzasını alacağı qeydsiz-şərtsizdir.
Siyavuş Novruzov: "Mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı da addımlar olacaq, ölçü götürüləcək"
YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə məmurların cəzası ciddi olmalıdır. S.Novruzov onu da bildirib ki, həbs olunan icra başçıları ilə yanaşı, həmin rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları da məsuliyyətə cəlb olunmalıdır: "Mən hakimlərin təyinatı ilə bağlı müzakirələr olarkən də məsələ qaldırmışdım ki, qərarların verilməsində bir az diqqətli olsunlar. Mülkiyyət münasibətləri dəyişib. Bir nəfərin ərizəsi əsasında götürüb birinin mülkiyyətini başqasına vermək olmaz. Mülkiyyət çox ciddi məsələdir. Bu, ölkənin, xalqın ənənəsidir, irsən gələn məsələdir, bunu dəyişmək olmaz. Kiminsə qolu qüvvətlidirsə, zorla kiminsə əmlakını tutub ala bilməz. Amma bununla yanaşı, orada fəaliyyət göstərən hüquq-mühafizə orqanları ilk növbədə özlərinin rəhbərliyinə bu barədə geniş arayışlar təqdim etməliydilər. Onlar bəhanə gətirə bilərlər ki, icra hakimiyyətinin başçısıdır, buna gücləri çata bilməz... Amma bunlar öz rəhbərliyini məlumatlandırmalıydılar. Rəhbərlik də ölkə başçısına məlumat verməliydi ki, filan rayonda bu hadisələr baş verir, əhalini ciddi şəkildə narahat edirlər, əhalini dövlətdən, dövlətin siyasətindən narazı salırlar. Bununla bağlı da lazımi ölçülər vaxtında götürülsəydi, nə o icra başçısı həbs olunardı, nə insanların haqqı o dərəcədə pozulardı. Biləsuvarda bir gündə bunları eləməyib, yaxud koronovirus dövründə olmayıb ki... O torpaqların alınması yəqin illər boyunca olub. 150 sahibkar iddia edir. İndi onların neçəsi haqlıdır, neçəsi haqsızdır, bununla bağlı araşdırmalar gedir. Bəlkə də eləsi var ki, torpağını satıb, indi deyir başçı əlimdən alıb. Belə hallar olur. Şikayətlər daxil olur, araşdırırsan ki, oğul gedib torpağı hansısa sahibkara, ya başqasına satıb, atası, ya qardaşı gəlib şikayət edir. Ortaya nəticə çıxır ki, vəsaiti bölə bilməyiblər. Amma bununla yanaşı, belə neqativ hallar var idisə, hüquq-mühafizə orqanlarının bir funksiyası da dərhal ölkə rəhbərliyini məlumatlandırmaq idi".
S.Novruzov onu da deyib ki, dövlət başçısı da çıxışında cəzalandırılanların yalnız icra başçıları olmayacaqlarını bildirib: "Təbii ki, mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı da addımlar olacaq. Cənab Prezident baş prokuroru təyin edəndə bu məsələ ilə bağlı tövsiyələrini verdi. Çatan siqnalları da qeyd elədi ki, mərkəzi icra hakimiyyəti orqanlarında müxtəlif şirnikləndirmə ilə işə götürürlər, başqa-başqa addımlar atırlar. Bununla bağlı da siqnallar daxil olduğunu qeyd etdi. Yəqin ki, bu məsələlərlə bağlı ölçülərin götürülməsinin şahidi olacağıq. …Prezident hələ bir neçə il bundan qabaq müşavirələrin birində qeyd etdi ki, bu cür işləyən adamlar təkcə işdən çıxarılmayacaq, həm də ciddi şəkildə cəzalandırılacaq. Bu gün də onun nəticəsini görürük".
Məşhur Məmmədov: "Ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə var, heç kim qanundan üstün deyil"
Bu fikri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirərəkən qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevi qəbul edərkən prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində konkret istiqamətləri diqqətə çatdırdığını və hüquq mühafizə orqanlarını da bu məsələdə ciddi olmağa səslədi: “Cənab Prezident hər zaman bildirir ki, bu səhvə yol verənlərə güzəşt edilməyəcək, kimsə nəyəsə, kiməsə və ya əvvəlki xidmətlərinə arxayın olmamalıdır. Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda da bu məsələyə toxunaraq nazirliklər, icra orqanlarında bu kimi siqnalların olduğunu və hazırda bu istiqamətdə yoxlamaların aparıldığını bildirdi. Və hər bir məmur Prezident İlham Əliyevin xəbərdarlıqlarına riayət etməli, qanunları pozmamalıdırlar. Çünki edilən hər hansı bir cinayət sonda cəzasız qalmır".
Deputat onu da bildirib ki, ölkə başçısının tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar, Neftçala, Biləsuvar, Ağstafa, Yevlax, imişli rayonlarının icra başçılarının həbs edilməsi bir daha göstərdi ki, ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə var, heç kim qanundan üstün deyil: "Ölkə başçısı çıxışlarında dəfələrə qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının başçılarının bir vəzifəsi var - vətəndaşlara xidmət etmək, onların problemlərinə qulaq asıb, həll etmək. Lakin hər hansı vəzifəyə təyin olunan məməur nə edir? Şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturlar. Buna görə Prezidentin siyasətinə kölgə salanları heç bir dostluq, tanışlıq və ya keçmiş xidmət məsuliyyətdən qurtarmayacaq. Hesab edirəm ki, bütün vəzifəli şəxslər ölkə başçısının çıxışından bir daha nəticə çıxarmalı və onun göstərdiyi prinsiplərə uyğun fəaliyyətlərini qurmalıdırlar. İndiki dönəmdə, ölkə başçımızın qeyd etdiyi kimi, bəzi məmurlar qanunsuzluqlara yol verir, hətta imkansız ailələr üçün ayrılmış ərzaq yardımlarını mənimsəməkdən belə çəkinmirlər. Həqiqətən də belə hərəkətlər vicdansızlıqdır. Bu yolun yolçuları layiq olduqları cəzanı almalıdırlar və alırlar. Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında tibb işçiləri ilə görüşü zamanı karantin vəziyyətdə milli xainlərin cinayət əməllərindən danışaraq belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparılacağını dedi: "Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq. Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir. Bir daha demək istəyirəm ki, bu addımları atanlar, bu cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar".
Göründüyü kimi, bu cür kütləvi hal almış rəzil əməllər həm cinayətdir, həm də böyük vicdansızlıqdır, mənəviyyatsızlıqdır və. Və bu cür kütləvi hal almış rəzil əməllər cəzasız qala bilməz. Onların hər birinin öz layiqli cəzasını alacağı qeydsiz-şərtsizdir və heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Çünki qanun şahdır, şah qanun deyil.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB