"Qaydalara riayət etmədikdə prosesi sadəcə uzatmış oluruq" ÖZƏL - MÜNASİBƏT
"Biz birlikdə güclüyük və birlikdə bu mübarizəni də yekunlaşdırıb normal həyatımıza dönə bilərik. Qaydalara riayət etmədikdə isə bu prosesi sadəcə uzatmış oluruq". Bu sözləri SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
Onun sözlərinə görə, COVID-19-un qarşısının alınmasında ölkədə mühüm tədbirlər həyata keçirildi, bu istiqamətdə maddi-texniki bazanın yaxşılaşdırılması, lazımı avadanlıqlarla təhciz olunma və qoruyucu vasitələrin təminatı ilə bağlı hər bir şərait yaradılıb:
"Hazırda bizim ən böyük problemimiz insanların maarifləndirilməsidir. Biz görülmüş işlər sayəsində, Prezidentin vaxtında atmış olduğu addımlarla bu pandemiyanın qarşısını demək olar ki, birinci mərhələdə almışıq, lakin, məsələ bununla tam bitmir. Bunun üçün müəyyən qədər vaxt lazımdır. Dünyada da bu proses tam olaraq başa çatmayıb. Bu məsələyə insanların məsuliyyətli yanaşması lazımdır. Bütün gənclərə, vətəndaşlarımıza çağırış etmək istəyirəm ki, gəlin arxayınlaşmayaq, biz bu müsbət tendensiyanı nəzərə alıb Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında hərəkət etməliyik. Müxtəlif istiqamətdə və sahələrdə davranış qaydalarını müəyyənləşdirən sənədlərə əməl edilməsi üçün əlimizdən gələni etməliyik.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalqa müraciətində bildirmişdi ki, biz döyüşü udmuşuq, lakin, müharibə hələ də davam edir. Bu çox gözəl bir məntiqdir. Biz məsələyə məntiqlə yaxınlaşaraq proseslərə müsbət töhfəmizi verməliyik. İnsanlar düşünməlidirlər ki, onları evdə gözləyən yaxınları var. Özümüzə və yaxınlarımıza qarşı məsuliyyətimizlə yanaşı bizim ictimaiyyət qarşısında da məsuliyyətimiz olmalıdır. Təəssüflər olsun ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərində bu qaydalara riayət olunmadığından yoluxmaların sayı artmaqdadır".
Birliyin sədri vurğulayıb ki, əldə etdiyimiz müsbət tendensiya dəyişməkdədir və əgər, bu tendensiya mənfi istiqamətdə irəliləsə yenidən qaydalar sərtləşdirilə bilər:
"Nəticə etibarilə biz həm insanlarımızın sağlamlığının təhlükə altında olduğunu və yoluxma sayının artığını müşahidə etmiş olacağıq, həm də iqtisadiyyatımız müəyyən itkilərlə üzləşəcək. Bunları düşünərək hər kəsi qaydalara riayət etməyə çaırıram. Operativ Qərargahın hazırlamış olduğu qaydalar əsasındakı sənədlərə diqqətlə nəzər salmalı və əməl etməliyik. Biz birlikdə güclüyük və birlikdə bu mübarizəni də yekunlaşdırıb normal həyatımıza dönə bilərik. Qaydalara riayət etmədikdə isə bu prosesi sadəcə uzatmış oluruq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB