Şuşanın işğalından 28 il ötür

1992-ci ilin 8 mayı işğal günü kimi tariximizə yazılıb. Bu, hər bir azərbaycanlının 28 ildir ki, xatırladığı ağrılı-acılı gündür. Bu gün qapıları üzümüzə bağlı olan Şuşa həsrət dolu baxışlarla öz əsl-nəcabətli, tarix boyu burada yaşayıb və bu məkanı qurub-yaradan insanların yolunu gözləyir. O insanların ki, burada qəhrəmanlıq, igidlik və qeyrət tarixini torpağa qanları ilə həkk ediblər. Şuşanın işğalı günü. Hər kəsi hiddətləndirən, qəzəb doğuran günə, çox təəssüf ki, XXI yüziilikdə bəşəriyyətin sivil dəyərləri yaşadığı zamanda işğal tarixi kimi qeyd edirik. Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşa şəhəri artıq 28 ildir təcavüzkar Ermənistanın işğalı altındadır. Yadlar tapdağında olan Şuşa sükuta qərq olub. Bu sükutu yaşadan isə köçəri, yersiz, tarixsiz ermənilərin olması heyrət doğurmaya bilməz.

Tarix yazılır və zaman-zaman oxunur. Əgər bu tariximizi yazmayıb unutsaydıq, sözsüz ki, erməni xəyanətinin nəticəsi kimi, Şuşa kimi möhtəşəm şəhərin XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olduğunu bilməzdik. Ötən əsrin əvvəli 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qaldı və yandırıldı. 1920-ci ildə şəhərin xeyli hissəsi ermənilər tərəfindən dağıdıldı. 3-cü dəfə 1992-ci ilin mayında ermənilər bu şəhəri tamamilə işğal etdilər.

Heç kəsin, Şuşanın işğalını təsəvvürünə gətirmədiyi halda, Şuşanın işğalına gedən yol Meşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan və Xocalıdan keçdi. Şuşa 1992-il mayın 8-də erməni və rus hərbi birləşmələri tərəfindən işğal edildi. Tarixin bu yaddaş səhifəsini hər bir azərbaycanlı yaddaşına həkk etməlidir. İşğal zamanı 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu.

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən, Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşid Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən, Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Ermənilər insanlığa sığmayan vəhşiliyə də əl atıblar: Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini belə güllələyiblər.

Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Bu, Şuşanın bu günü və keçmişi ilə bağlı olan tarixindən kiçik bir səhifədir. Böyük tarixə yeni saxta tarix yazmaq elə də asan deyil. Bu böyük tarixdə bir güc var, bir qəhrəmanlıq var. Şuşa müqəddəs bir şəhərdir. Bu işğal tarixi müvəqqətidir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, ölkənin gücü, iqtisadi inkişafı, dünya birliyində yeri və milli ordusu şuşalıları Şuşaya qaytaracaq.

Ümummilli Lider Heydər Əliyevin bildirdiyi kimi, "Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur". Bunun başqa bir yolu yoxdur. Ermənilər Şuşanı müvəqqəti işğal etsələr də, kəndlərinə yalançı adlar qoyub özünküləşdirməyə cəhd etsələr də, bu, utopiya olaraq qalacaq. Zaman ən böyük hakimdir. Ümummilli Lider Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Azərbaycan tərəfi açıq bəyan edib ki, sülh danışıqları nəticə verməzsə, münaqişə hərb yolu ilə həll ediləcəkdir.

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü ortaya qoymuş oldu. Ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verərək, ən ağır zərbəsini vurdu. Azərbaycanın getdikcə artan qüdrətini və gücünü düşmən qovulduğu yüksəkliklərlə və verdiyi tələfatlarla gördü.

Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan torpaqlarımızın geri qaytarılacağını çıxışlarında əminliklə qeyd edir: "Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik və səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik". Gözü yolda qalan Şuşamızın da düşmən işğalından azad olacağı gün uzaqda deyil. Zaman yetişəcək, Cocuq Mərcanlıda olduğu kimi, Azərbaycan bayrağı Şuşada da dalğalanacaq.

Erməni faşistləri zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən, doğma Şuşamızı sülh yolu ilə tərk etməsələr, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək, öz torpaqlarını azad edəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə